Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xətti ilə Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsinə kursantların qəbulu üçün müsabiqə elan olunur

Line Spacing+- AFont Size+- Çap
19.07.2017

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən, 2017/2018-ci tədris ilində Gülhanə Tədris və araşdırmalar Xəstəxanasının  Gülhanə Hərbi Tibb Fakültəsinə kursantların qəbulu üçün müsabiqə elan olunur. Müsabiqədə 2017-ci ildə IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600 və daha yuxarı bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər. Müsabiqə əsasında 30 (otuz) nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə  təqdim olunacaq. Seçim zamanı uğur qazanmış 10 nəfər namizədin Gülhanə Hərbi Tibb Akademiyasına təhsil almağa göndərilməsi planlaşdırılır.

Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsində təhsil müddəti 6 ildir. Kursantlar təhsil müddətində dövlət təminatında olurlar. Fakültədən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Müsabiqədə iştirak etmək istəyənlər iyulun 28-dək Dövlət İmtahan Mərkəzinə (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m) müraciət etməlidirlər.