Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı təlimlər keçirilir

Line Spacing+- AFont Size+- Çap
Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları  ilə bağlı təlimlər keçirilir
10.10.2017

Cari ilin 9-10 oktyabr tarixlərində Gəncə şəhərində Avropa Şurası və Avropa İttifaqı tərəfindən birgə icra edilən “Azərbaycanda korrupsiya ilə mübarizə və onun qarşısının alınması sahəsində bacarıqların artırılması” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi və Gəncə “ASAN xidmət” mərkəzinin birgə dəstəyi ilə “Korrupsiyaya qarşı mübarizə” və “Dövlət qulluğunda etika” mövzuları üzrə 54 dövlət qulluqçusuna 2 günlük təlim keçirilmişdir.

 

Təlimçilər Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Avropa Şurası tərəfindən birgə keçirilmiş “Anti-korrupsiya mövzusu üzrə təlimçilər üçün təlim” proqramının məzunları olan “ASAN xidmət” mərkəzi, Dövlət İmtahan Mərkəzi, “ADA” və Bakı Dövlət universitetlərinin nümayəndələridir.

Təlim çərçivəsində dövlət qulluqçularına korrupsiyaya qarşı mübarizə, dövlət qulluğunda dürüstlük, etik dilemmalar, onların həlli yolları, düzgün davranış, dövlət qulluqçusunun əməl etməli olduğu əsas etik prinsiplər, etik davranış qaydalarına əməl olunmasına nəzarət və s. məsələlər müzakirə olunmuşdur.

Tədbirdə açılış nitqi ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov və Avropa Şurasının Bakı Ofisinin layihə rəhbəri Teodora Lukoviç çıxış etmiş, qeyd edilən təlimin yerli mütəxəssislər tərəfindən keçirilməsinin əhəmiyyətindən və bu pilot təlimlərin Azərbaycanın yerli anti-korrupsiya təlimçi bazasının inkişafına verəcəyi töhvədən danışmışlar.