Birinci-üçüncü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-üçüncü təsnifatlarına uyğun olan vəzifələrin, habelə mərkəzi icra hakimiyyəti orqanlarında (Ali Attestasiya Komissiyası daxil olmaqla) şöbə müdiri, rəhbərin müşaviri və rəhbərin köməkçisi vəzifələrinin tutulması daxili müsahibə keçirilməklə həyata keçirilir. Ali təhsil üzrə ixtisası və iş stajı vəzifə təlimatında müəyyən edilmiş tələblərə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları həmin vəzifələrin tutulması məqsədilə elan edilmiş daxili müsahibədə iştirak edə bilərlər. Daxili müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada Mərkəzin internet portalı vasitəsilə qeydiyyatdan keçməklə həyata keçirilir.
Dövlət orqanlarında inzibati vəzifələrin dördüncü-yeddinci təsnifatlarına uyğun olan vəzifələr üzrə(yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, habelə mərkəzi icra hakimiyyəti orqanlarının Aparatlarında (Ali Attestasiya Komissiyası daxil olmaqla) şöbə müdiri, rəhbərin müşaviri və rəhbərin köməkçisi vəzifələri istisna olmaqla)dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.
Mərkəz inzibati dövlət qulluğu vəzifələri üzrə dövlət qulluğuna qəbul üçün test imtahanları təşkil edir və test imtahanından keçən şəxsə imtahandan keçdiyini təsdiq edən sertifikat verir. Sertifikatın qüvvədəolma müddəti beş ildir.
Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsahibədə iştirak edə bilər. Müsahibənin keçirilməsi haqqında elan, sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməklə, Mərkəzin internet portalında, dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanının internet saytında və digər kütləvi informasiya vasitələrində verilir.
Test imtahanı dövlət qulluğu vəzifələrinin növləri üzrə aşağıdakı qruplara uyğun keçirilir:
A növü - inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə:
-
AB qrupu;
-
AC qrupu.
B növü - inzibati icraçı vəzifələr üzrə:
-
BA qrupu;
-
BB qrupu.
Test imtahanında istifadə ediləcək test tapşırıqlarının aşağıdakı növləri var:
-
qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqları;
-
açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilərək yazı ilə ifadə olunması tələb edilən test tapşırıqları;
-
sərbəst şəkildə cavablandırılan esse tipli tapşırıqlar.
Test imtahanında iştirak etmək üçün vətəndaşlar Mərkəzin internet portalı (bundan sonra – portal) vasitəsilə onlayn qeydiyyatdan keçir və portal vasitəsilə ona qeydiyyatdan keçdiyini təsdiq edən elektron bildiriş və namizədin hüquq və vəzifələrinin əks olunduğu yaddaş kitabçası göndərilir.
Test imtahanının keçirilmə yeri və vaxtı Mərkəz tərəfindən müəyyən edilir və bu barədə imtahana azı 5 gün qalmış portalda məlumat yerləşdirilir. Mərkəz namizədin test imtahanında iştirakı ilə bağlı məlumatı özündə əks etdirən imtahana buraxılış vərəqəsini portalda yerləşdirir və namizəd onu çap edərək əldə edir.
Namizəd şəxsiyyətini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini təqdim etməklə, test imtahanında iştirak edir.
İmtahan Mərkəzin qərarı əsasında kompüter və (və ya) kağız daşıyıcılar vasitəsilə keçirilir.
İmtahanın davametmə müddəti Mərkəz tərəfindən imtahanın məzmunundan (namizədlərə verilən test tapşırıqlarının növündən və sayından) asılı olaraq, aşağıdakı qayda nəzərə alınmaqla müəyyən edilir:
-
qapalı tipli test tapşırıqlarının hər biri üçün 1 dəqiqə 30 saniyə;
-
açıq tipli test tapşırıqlarının hər biri üçün 2 dəqiqə;
-
esse tipli tapşırıqların hər biri üçün 30 dəqiqə.
Namizədin imtahanda verdiyi cavablar aşağıdakı qaydada qiymətləndirilir:
-
qapalı tipli test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla;
-
açıq tipli tapşırıqların hər birinin doğru cavablandırılması 2, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla;
-
esse tipli tapşırıqların cavablandırılması cavabın həcmindən, strukturundan, fikirlərin və baxışların məntiqlilik dərəcəsindən, nümayiş etdirilən yaradıcılıqdan, arqumentasiyadan, söz ehtiyatından, orijinallıqdan, üslubdan və dil qaydalarına riayət edilməsindən asılı olaraq 0 - 30 balla, cavablandırılmaması 0 balla.
Test imtahanının nəticələri haqqında məlumat portalda yerləşdirilir.
Test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq test imtahanından keçdiyini təsdiq edən sertifikat verir. Sertifikatın qüvvədəolma müddəti beş ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.
Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsahibədə iştirak edə bilər. Müsahibədə iştirak etmək istəyən şəxs müsahibənin keçirilməsi elan edildiyi gündən 30 gün müddətində Mərkəzin portalı vasitəsilə dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edir.
Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir.