Mən bakalavr təhsilimi bədən tərbiyəsi və idman ixtisası üzrə almışam. Ancaq bir neçə ildir ki, idman sahəsində jurnalistlik fəaliyyəti ilə məşğulam. Mən jurnalistika sahəsində magistr təhsili ala bilərəmmi?
Jurnalistika istiqamətinə daxil olan ixtisaslaşmaları ixtisasından asılı olmayaraq bütün bakalavrlar seçə bilərlər. Bundan başqa, Nazirlər Kabinetinin “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatı”nda etdiyi dəyişikliyə əsasən, humanitar və sosial ixtisaslar qrupuna “İdman jurnalistikası” ixtisaslaşması da əlavə edilmişdir. Əgər respublikamızın hansısa ali təhsil müəssisəsində bu ixtisaslaşma üzrə magistr hazırlığı aparılarsa, idman sahəsində jurnalistlik fəaliyyəti ilə məşğul olmaq istəyənlər həmin ixtisaslaşmanı da seçə bilərlər.
Magistraturaya qəbul imtahanının birinci mərhələsində humanitar və sosial ixtisaslar qrupu üçün müəyyən edilmiş minimum müsabiqə şərtlərini ödəyərək ikinci mərhələyə buraxılan və jurnalistika üzrə magistr ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar DİM tərəfindən elan olunacaq vaxtda qeydiyyatdan keçməli və şifahi qabiliyyət imtahanında iştirak etməlidirlər. Qabiliyyət imtahanına gələrkən bakalavrlar dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) da qovluqda Qabiliyyət İmtahanı Komissiyasına təqdim etməlidirlər. Bu imtahandan “məqbul” qiymət alan bakalavrlar imtahanın ikinci mərhələsində jurnalistika üzrə 44 saylı proqramı seçə bilərlər.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistraturasının tədrisi ingilis dilində olan ixtisaslaşmalarına, o cümlədən, idman jurnalistikası ixtisaslaşmasına qəbul olmaq istəyən, nəticələri qəbul imtahanının birinci mərhələsi üzrə DİM tərəfindən müəyyən olunan müsabiqə şərtlərini, həmçinin TOEFL IBT (minimum 83 bal) və ya IELTS (minimum 6.5 bal) imtahanı üzrə tələbləri ödəyən bakalavrlar isə qəbul imtahanının ikinci mərhələsi əvəzinə, həmin ali təhsil müəssisəsinin müəyyən etdiyi qəbul prosedurlarından keçməlidirlər.
Mən Azərbaycan Dillər Universitetində ingilis dili ixtisası üzrə bakalavr təhsili almışam. Bizə ikinci xarici dil kimi fransız dili tədris olunub. Ancaq mən rus dilini də kifayət qədər yaxşı bilirəm. İmtahanda rus dilini xarici dil kimi seçə bilərəmmi?
Azərbaycan bölməsinin məzunları qəbul imtahanında xarici dil kimi ingilis, alman, rus və fransız dillərindən birini, rus bölməsinin məzunları isə ingilis, alman və ya fransız dilini seçə bilərlər. Azərbaycan bölməsində imtahan verəcəksinizsə, rus dilini xarici dil kimi seçə bilərsiniz. Filologiya (xarici dil və ədəbiyyat), xarici dil və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi və tərcümə ixtisasları üzrə ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar ixtisaslaşma dilini xarici dil kimi seçə bilməzlər.
Bakalavr təhsilimi üç il əvvəl bitirmişəm və hal-hazırda özəl bir şirkətdə işləyirəm. Mənim işləyə-işləyə magistratura səviyyəsində təhsil almaq üçün ərizə qəbulunda iştirakıma və magistr təhsili almağıma məhdudiyyət varmı?
Əmək fəaliyyəti ilə məşğul olan bakalavrların magistraturaya ərizə verməsinə və imtahanda iştirak edib magistraturaya qəbul olmasına DİM tərəfindən hər hansı bir maneə yoxdur. Ancaq magistraturauya qəbul olduqdan sonra qeyd etdiyiniz məsələ DİM tərəfindən deyil, Sizi işə götürən qurumla təhsil alacağınız ali təhsil müəssisəsi tərəfindən əmək qanunvericiliyi və digər normativ-hüquqi aktlara görə tənzimlənməlidir.
Mən iki dəfə magistr təhsili almışam. Üçüncü dəfə magistr təhsili almağım üçün hər hansı bir maneə varmı? Bundan başqa, təhsilin bu səviyyəsinə qəbul zamanı hər hansı yaş məhdudiyyəti tətbiq olunurmu?
Qəbul qaydalarına əsasən, magistratura səviyyəsinə qəbul olmaq istəyən şəxslər üçün yaş məhdudiyyəti müəyyən edilməmişdir. O cümlədən, bir şəxsin neçə dəfə magistr təhsili almasına da məhdudiyyət tətbiq olunmur. Məhdudiyyət yalnız dövlət sifarişi əsasında ödənişsiz təhsil almaq hüququ ilə bağlıdır. Vətəndaşlar təhsil səviyyələrinin hər birində dövlət sifarişi əsasında təhsil almaq hüququndan yalnız bir dəfə istifadə edə bilərlər.
İmtahandan kifayət qədər bal topladığım halda müsabiqədən keçməsəm, bakalavr ixtisasıma yaxın olan digər ixtisaslaşmalar üzrə boş qalan yerlərin müsabiqəsində iştirak edə bilərəmmi?
Bakalavrlar yalnız ixtisasları üzrə boş qalan plan yerlərinin müsabiqəsində iştirak edə bilərlər.
Əgər bir dövlət ali təhsil müəssisəsində MBA proqramına aid ixtisaslaşmalardan birinə daxil olsam, məcburi köçkün olduğuma görə təhsil haqqından azad oluna bilərəmmi?
MBA proqramı da daxil olmaqla ödənişli yerlərə qəbul olan məcburi köçkünlər və ya onlara bərabər tutulan şəxslər təhsil haqqının ödənilməsi ilə bağlı məlumatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etməklə öyrənə bilərlər.
Ali təhsil müəssisəsinin 4-cü kurs tələbəsiyəm. Bir neçə fəndən kəsirim var. İmtahanda iştirak edə bilərəmmi?
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin sonuncu kursunda təhsil alanlar bütün hallarda sənədlərini təqdim edib imtahanda iştirak edə bilərlər. Ancaq müsabiqə şərtini ödəyərək müsabiqədən keçən bakalavlar qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyat keçirilənədək akademik borclarını ləğv etməlidirlər. Əks halda, həmin bakalavrlar qeydiyyatdan keçə bilməyəcəklər. Bu isə onların yerləşdirildikləri ixtisaslaşma üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir və boş qalmış həmin yerlər üçün yenidən müsabiqə elan edilir.
Bu il magistraturaya qəbul olunan oğlanlara hərbi xidmətdən möhlət hüququ veriləcəkmi?
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, magistraturada əyani təhsil alanlara təhsil müddətini bitirənədək hərbi xidmətdən möhlət hüququ verilir.
Mən Bakı şəhərində daimi qeydiyyatdayam. Ancaq bakalavr təhsilimi Gəncə Dövlət Universitetində alıram. Bilmək istərdim ki, magistraturaya qəbul imtahanında imtahan verəcəyim şəhər nəyə əsasən müəyyən ediləcək?
Qəbul imtahanı Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində keçiriləcək. Bakalavrın imtahan verəcəyi şəhər Mərkəz tərəfindən bakalavrın faktiki yaşadığı məntəqəyə görə, əgər elektron ərizədə faktiki yaşadığı ünvan göstərilməyibsə, qeydiyyatda olduğu ünvana görə təyin edilir. Odur ki, faktiki yaşadığı ünvan qeydiyyatda olduğu ünvandan fərqli olan bakalavrlar elektron ərizələrində faktiki yaşadıqları ünvanı mütləq göstərməlidirlər.
Dünya iqtisadiyyatı ixtisası üzrə bakalavr təhsili almışam. Magistr təhsilimi iqtisadiyyat sahəsi üzrə ingilis dilində almaq istəyirəm. Bu, mümkündürmü? Bunun üçün hansı tələblər qoyulur?
Tədrisi ingilis dilində olan iqtisadiyyatyönümlü ixtisaslaşmalar üzrə plan yerləri haqqında məlumat DİM-ə daxil olduqdan sonra “Magistr” jurnalının 2022-ci il tarixli 4-cü sayında dərc ediləcək. Tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar imtahanda xarici dil kimi mütləq ingilis dilini seçməlidirlər. Bakalavrlar bu ixtisaslaşmalar üzrə ödənişli yerlərin müsabiqəsində iştirak etmək üçün imtahanda ingilis dilindən ən azı 15, dövlət sifarişli yerlərin müsabiqəsində iştirak etmək üçün isə ən azı 20 bal toplamalıdırlar.
Mən iki fərqli sahə üzrə bakalavr təhsili almışam. Bilmək istərdim ki, magistratura səviyyəsinə qəbul imtahanında bu diplomların hər birindən istifadə edə bilərəmmi?
Elektron ərizə doldurarkən qeyd etdiyiniz diplomlarınızın yalnız birindən istifadə edə bilərsiniz. Magistr ixtisaslaşmalarının seçimi zamanı həmin ixtisaslaşmaların bakalavr ixtisasına uyğunluğu əsas götürüldüyündən Siz də hansı sahədə magistr təhsili alacaqsınızsa, elektron ərizənizi doldurarkən həmin sahəyə aid diplomunuzdakı məlumatları daxil etməlisiniz.
Magistraturaya qəbul qaydalarında edilmiş dəyişikliyin mahiyyəti nədən ibarətdir?
“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nda dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 13 yanvar 2020-ci il tarixli 6 nömrəli Qərarına əsasən, beynəlxalq təcrübədə olduğu kimi, magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə - bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil üzrə biliklərinin qiymətləndirilməsi üzrə keçirilməsi nəzərdə tutulub. Digər dəyişikliklərə əsasən, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarına və jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və qəbul imtahanındakı (məntiq, informatika, xarici dil) nəticələri Mərkəz tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra Mərkəz tərəfindən elan edilən müddətdə qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanından “məqbul” qiymət alan bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar.
Müsabiqə zamanı bakalavrın ümumi orta müvəffəqiyyət göstəricisinin hər hansı rolu varmı?
Magistraturaya qəbul müsabiqəsi zamanı imtahan balı eyni olan iki və daha çox bakalavrı bir-birindən fərqləndirmək üçün aşağıda göstərilən ardıcıllıqla əlavə gıstəricilərdən istifadə olunur:
-ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG);
-ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən toplanılan bal;
-xarici dil üzrə testdən toplanılan bal.
Ümumi orta müvəffəqiyyət göstəricisini elektron ərizələrində qeyd etməyən bakalavrların müvafiq göstəricisi sistemə minimal bal kimi daxil edilir.
Bu il magistraturaya qəbul imtahanında xarici dil fənnindən dinləmə mətni əsasında neçə sual təqdim ediləcək? Tapşırıqlar hansı formada olacaq?
Ötən il olduğu kimi, bu il də magistraturaya qəbul imtahanında hər bir xarici dildən bakalavrlara dinləmə mətni əsasında 5 qapalı formalı test tapşırığı təqdim ediləcək.
Magistraturaya qəbul imtahanında xarici dil fənnindən mətn əsasında oxuyub-anlama qabiliyyətini yoxlayan 5 tapşırıq dinləyib-anlama qabiliyyətini yoxlayan mətn əsasında təqdim ediləcək 5 tapşırıq ilə əvəz olunacaq, yoxsa testə hər iki blok daxil ediləcək?
Magistraturaya qəbul imtahanında xarici dil fənnindən keçiriləcək imtahanın strukturu aşağıdakı kimidir: cəmi 25 test tapşırığı, o cümlədən dinləyib-anlama mətni əsasında qapalı formalı 5 test tapşırığı; oxuyub-anlama mətni əsasında qapalı formalı 5 test tapşırığı; bunlardan əlavə, leksik-qrammatik bilikləri yoxlayan qapalı formalı 10 və açıq formalı 5 test tapşırığı.
Mən Ankara Texnoloji Universitetini bu il bitirirəm. Sonuncu kurs tələbəsiyəm. Bilmək istəyirəm ki, cari ildə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına sənəd verə bilərəmmi?
Qəbul qaydalarına əsasən, xarici ölkələrdə ali təhsil almış şəxslər Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatın magistraturalarına qəbul üzrə müsabiqədə iştirak etmək üçün Dövlət İmtahan Mərkəzi tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən, ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri və həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini şəxsən təqdim etməlidirlər. Xarici ölkələrdə ali təhsil almış, sənəd qəbulu müddətində qeyd olunan sənədləri təqdim etməyən şəxslər müsabiqədə iştirak edə bilməzlər.
Elektron ərizəni doldurarkən imtahan verəcəyim dili rus dili olaraq qeyd etmək istəyirəm. Plan yerləri elan olunan zaman müraciət edib digər bölməyə aid ixtisaslaşmaları seçə bilərəmmi?
Bakalavrlara imtahan verəcəkləri dili (bölməni) seçmək hüququ yalnız imtahandan əvvəl elektron ərizə doldurularkən verilir. İmtahan həmin dildə verilməlidir. İxtisaslaşma seçimi zamanı bakalavr yalnız öz ixtisasına uyğun, seçdiyi qəbul proqramına və bölməyə aid olan, həmçinin Azərbaycan və rus bölmələrinin bakalavrlarının birlikdə müsabiqəsi üçün nəzərdə tutulmuş ixtisaslaşmaları seçə bilər.
Mən Bakı Dövlət Universitetinin filologiya (rus dili) ixtisaslaşmasında magistr təhsili alıram. Birinci kursu bitirmədən və təhsilimi dayandırmadan yenidən magistraturaya sənəd verə bilərəmmi?
Ali təhsil müəssisələrində və elmi təşkilatda təhsil alan magistrantlar (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) magistraturaya qəbul üçün müsabiqədə iştirak edə bilməzlər.
Xarici dil bloku üzrə yazı və danışıq bacarıqlarının yoxlanılması neçənci ildən nəzərdə tutulub?
2024-cü ildən etibarən keçiriləcək magistratura səviyyəsinə qəbul imtahanlarında xarici dil bloku üzrə yazı və danışıq bacarıqlarının yoxlanılması nəzərdə tutulur.
Magistratura səviyyəsinə qəbul imtahanının birinci cəhdində iştirak etməyən şəxslər ikinci cəhddə iştirak edə bilərlərmi?
Dövlət İmtahan Mərkəzi tərəfindən cari ildə də magistraturaya qəbul imtahanının iki dəfə keçirilməsi nəzərdə tutulur. İkinci imtahan isə ölkədəki sanitar-epidemioloji vəziyyət imkan verdiyi halda keçirilə bilər. Bu səbəbdən bakalavrlara birinci imtahanda iştirak etmək tövsiyə olunur. İmtahanda iştirak etmək istəyən şəxslər Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edirlər. Bu bakalavrlar
http://eservices.dim.gov.az/erizemag/erize səhifəsinə daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər). Ərizəsini təsdiq etmiş (etdirmiş) bakalavlar imtahana qeydiyyatdan keçmiş hesab olunurlar.
Bitirdiyim universitetdə qiymətləndirmə 4 ballı şkala üzrə aparılıb. Azərbaycanın ali təhsil müəssisələrində bakalavrların biliyi 5 ya da 100 ballı şkala üzrə qiymətləndirilir. Ərizə qəbulu zamanı qiymət göstəricilərim hansı formada daxil edilməlidir?
Qəbul qaydalarına əsasən, xarici ölkələrdə ali təhsil almış şəxslər şəxsiyyətlərini təsdiq edən sənədi, ali təhsil haqqında sənədi və ona əlavəni, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən, ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər. Bu zaman Sizin ümumi orta müvəffəqiyyət göstəriciniz xüsusi qaydada yüzballı şkala əsasında hesablanaraq elektron ərizənizə daxil ediləcəkdir.