Azərbaycan Tibb Universitetini bitirib rezidenturaya qəbulda müsabiqə şərtini ödəyənlər ixtisas seçimi zamanı Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsini qeyd edə bilərmi?
Baza ali tibb təhsili olan hər bir namizəd öz istiqamətinə (fakültəsinə) uyğun istədiyi ixtisasları və klinik bazaları seçə bilər.
“Namizədin elektron ərizəsi”ni doldurarkən istifadə etdiyim parolu unutmuşam.
Parolunuzu unutmuşsunuzsa, “Namizədin elektron ərizəsi” səhifəsində olan “İstifadəçi adı və parolu unutmuşam” və ya “Şəxsi kabinet”inizə daxil olaraq “Parolu unutmuşam” düyməsindən istifadə etməklə onu əldə edə bilərsiniz.
Şəxsiyyət vəsiqəmi yeniləmişəm və rezidenturaya qəbul imtahanının ikinci mərhələsi üçün “İmtahana buraxılış vərəqəsi”ndə isə köhnə vəsiqəmin nömrəsi qeyd olunub. Yeni şəxsiyyət vəsiqəsi ilə imtahanda iştirak edə bilərəmmi?
Xeyr, yeni şəxsiyyət vəsiqəsi ilə imtahanda iştirak edə bilməzsiniz. Əgər şəxsiyyət vəsiqənizi dəyişmisinizsə, imtahan gününə qədər “Şəxsi kabinet”inizdə “Sənədi yenilə” düyməsindən istifadə etməklə özünüz düzəliş etməlisiniz, yaxud da yeni şəxsiyyət vəsiqəniz və onun surəti ilə DİM-ə müraciət edərək müvafiq düzəliş etdirməlisiniz. Bundan sonra “İmtahana buraxılış vərəqəsi”ni yenidən çap etməlisiniz.
Rezidenturaya qəbul olduqdan sonra ali təhsil haqqında diplomun notarial təsdiq edilmiş surəti ilə qeydiyyatdan keçmək olarmı?
Rezidenturaya qəbul qaydalarına əsasən hər hansı bir ixtisasa yerləşdirilmiş namizəd tələb olunan sənədlərin əslini Mərkəz tərəfindən müəyyən edilən 10 günədək müddətdə qəbul olduğu tibb müəssisəsinin tabe olduğu müvafiq quruma şəxsən təqdim etməklə qeydiyyatdan keçməlidir.
Boş qalan yerlərə ixtisas seçimində hansı namizədlər iştirak edə bilər?
Boş qalan yerlər üzrə ixtisas seçimində yalnız müsabiqə şərtini ödəmiş, lakin müsabiqədən keçməmiş namizədlər iştirak edə bilər. Rezidenturaya qəbul olmuş, lakin müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmiş namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar.
Kimlər rezidenturaya qəbul ola bilər?
Rezidenturaya qəbul olunmaq hüququna Azərbaycan Respublikasında baza (əsas) ali tibb təhsili almış şəxslər, yaxud ali tibb sahəsində müəyyən edilmiş qaydada ixtisası nostrifikasiya edilmiş xarici ölkələrdə təhsil almış şəxslər malikdirlər.
Hazırda həkim işləyirəm. Rezidenturaya ərizə vermək üçün tutduğum vəzifədən azad olunmalıyammı?
Müxtəlif xəstəxana və ya tibb müəssisələrində çalışan həkimlər rezidenturaya qəbul üçün ərizə verə bilər. Ərizə vermək və imtahanlarda iştirak etmək üçün tutduğunuz vəzifədən azad olunmanız tələb olunmur. Lakin rezidenturaya qəbul olduqdan sonra, tədris başlayana qədər tutduğunuz vəzifədən azad olunmalısınız.
“Yoluxucu xəstəliklər” ixtisası üzrə qəbul planı müalicə işi, pediatriya və tibbi profilaktika istiqamətləri üzrə eynidirmi? Yoxsa hər bir istiqamət üçün ayrı-ayrılıqda plan yeri nəzərdə tutulub?
Yoluxucu xəstəliklər” ixtisası üzrə ayrılan plan yerlərinə müsabiqə bütün istiqamətlər üzrə birgə aparılır. Başqa sözlə, qəbul planı hər fakültə üzrə ayrılıqda deyil, bütün fakültələr üzrə birgə təqdim olunur. “Rezidentura” jurnalının 3-cü sayında plan yerləri cədvəli təqdim olunarkən birgə müsabiqə aparılan ixtisaslar “*-la (ulduzla)” işarələnir.
Rezidenturanı bitirmiş şəxslər yenidən rezidenturaya imtahan verə bilərmi?
Rezidenturanı bitirmiş şəxslər digər bir ixtisas əldə etmək üçün yenidən rezidenturaya qəbul ola bilərlər. Lakin bu halda rezidenturada təhsil “Təhsil haqqında qanun”a müvafiq olaraq ödənişli əsaslarla həyata keçirilir. Bu zaman əvvəlki rezidentura diplomu qüvvədə qalır.
Xaric ölkələrdə baza ali tibb təhsili alanlar üçün rezidenturaya qəbul imtahanları nə vaxt təşkil olunur?
Əcnəbilər, vətəndaşlığı olmayanlar və xarici ölkələrdə baza ali tibb təhsili almış Azərbaycan Respublikasının vətəndaşları, eləcə də baza ali tibb təhsili olan Azərbaycan Respublikasının vətəndaşları üçün rezidenturaya qəbul imtahanı və müsabiqə eyni vaxtda keçirilir.
Xarici ölkələrdə ali tibb təhsili almış şəxslər rezidenturaya qəbul üçün hansı sənədləri təqdim etməlidirlər?
Rezidenturaya qəbul qaydalarının 2.1. və 2.2. bəndlərinə (Bax: “Rezidentura” jurnalı №1) müvafiq olaraq xarici ölkələrdə ali tibb təhsili almış şəxslər rezidenturaya qəbul üçün tələb olunan sənədləri mütləq təqdim etməlidirlər.
Mən Azərbaycan Respublikasının vətəndaşıyam, Rusiyanın Omsk Dövlət Tibb Universitetinin pediatriya fakultəsini bitirmişəm. Əcnəbilər kimi rezidenturaya imtahansız, lakin ödənişli əsaslarla qəbul ola bilərəm?
Xeyr, Azərbaycan Respublikasının vətəndaşları yalnız müsabiqə yolu ilə rezidenturaya qəbul ola bilərlər.
Hərbi həkimlər zabitin şəxsi vəsiqəsi ilə qeydiyyatdan keçə bilərmi?
Hərbi tibb fakültəsinin məzunları rezidenturaya sənəd verərkən zabitin şəxsi vəsiqəsindən istifadə edə bilərlər. Bunun üçün onlar ATU-nun Hərbi tibb fakültəsinə müraciət etməlidirlər.
Tibbi profilaktika fakültəsini bitirmişəm. Stomatologiya fakültəsinə aid ixtisasları seçməyim mümkündürmü? Bitirdikdən sonra stomatoloq işləyə bilərəmmi?
Xeyr, hər bir namizəd yalnız bitirdiyi istiqamətə (fakültəyə) müvafiq ixtisasları seçə bilər.
Rezidenturaya qəbul olmuşam, qeydiyyatdan keçmişəm. Boş qalan yerlərin müsabiqəsində də iştirak edə bilərəmmi?
Rezidenturaya aparılan müsabiqədə iştirak edib qəbul olan namizədlər boş qalan yerlər üzrə müsabiqədə iştirak edə bilməzlər.
Rezidenturaya qəbul imtahanlarında açıq formalı test tapşırıqlarından heç birinə cavab verməyən namizədlər ixtisas seçiminə buraxılırlarmı?
Qəbul imtahanlarında (baza və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) ayrı-ayrılıqda qapalı və açıq formalı test tapşırıqlarına verilən düzgün cavabların sayına görə hər hansı bal məhdudiyyəti tətbiq olunmur. Müsabiqəyə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında topladığı balı 40-dan, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında isə 50-dən, ümumi balı 90-dan az olmayan namizədlər buraxılırlar.
Baza ali tibb təhsili zamanı aldığım qiymətlər müsabiqə nəticələrimə təsir göstərə bilərmi?
Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox namizədi fərqləndirmək üçün aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır:
- baza ali tibb təhsili üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG);
- ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından toplanılan bal.
Eyni ixtisası seçmiş, ümumi balı eyni olan namizədləri bir-birindən fərqləndirmək mümkün olmadıqda hansı prinsiplə yerləşdirmə aparılır?
Ümumi balı eyni olan iki və daha çox namizədi bir-birindən fərqləndirmək mümkün olmadıqda onların hamısı müvafiq ixtisasa yerləşdirilir.
Rezidenturaya qəbul imtahanlarına hazırlaşıram. Əvvəlki illərdə “Rezidentura” jurnallarında təqdim olunmuş test tapşırıqlarının məzmunu ilə tanış olmaq istəyirəm. Bu jurnalları necə əldə edə bilərəm?
Ötən illərdə nəşr olunmuş “Rezidentura” jurnallarının elektron versiyasını plastik kart vasitəsi ilə ödəniş etməklə DİM-in rəsmi internet saytındakı
http://eservices.dim.gov.az/ejurnal/ linkindən əldə edə bilərsiniz.
Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanlarına hazırlaşanlara kömək məqsədi ilə hər hansı metodiki vəsait hazırlayırmı?
DİM-də rezidenturaya qəbul proqramları üzrə “İnsan anatomiyası” və “Bioloji kimya” fənlərindən vəsait, eləcə də “Baza fənləri üzrə test toplusu” adlı məcmuə hazırlanaraq imtahanlara müstəqil hazırlaşmaq istəyənlərə təqdim edilmişdir. Bu istiqamətdə işlər davam etdirilir.
Rezidenturaya qəbul zamanı ixtisas seçiminin aparılması ilə bağlı hər hansı metodiki vəsait varmı?
İxtisas seçiminə görə namizədlərin özləri məsuliyyət daşıdığı üçün DİM tərəfindən tövsiyə xarakterli hər hansı metodiki vəsait hazırlanmır. Lakin “Rezidentura” jurnalının 3-cü sayında namizədlərə ixtisas seçimini necə etmək haqqında məsləhət xarakterli məqalə və ötən il üçün rezidenturaya qəbul müsabiqəsində klinik bazaların ixtisasları üzrə formalaşmış keçid ballarını özündə əks etdirən material dərc edilir.
Rezidenturaya qəbulda yaş məhdudiyyəti varmı?
Rezidenturaya qəbul olmaq istəyən şəxslər üçün yaş məhdudiyyəti müəyyən edilməmişdir.
Mən Azərbaycan Beynəlxalq Universitetinin tibb fakültəsini bitirmişəm. Həmin universitet artıq fəaliyyət göstərmir. Diploma əlavə olan qiymət vərəqəsini haradan əldə edə bilərəm.
Fəaliyyəti dayandırılmış ali təhsil müəssisələri tərəfindən Sizə verilməli olan hər hansı bir məlumatı əldə etmək üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etməlisiniz.
“Rezidenturaya qəbul Qaydaları”nda müsabiqədə iştirakın ödənişli olması qeyd olunub. Həmin ödənişin məbləği nə qədər müəyyənləşdirilib?
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” 2017-ci il 6 mart tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri”nə əsasən, rezidenturaya qəbul imtahanın I mərhələsində (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) iştirak etmək üçün 60 (altmış) manat, II mərhələsində (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) iştirak etmək üçün isə 100 (yüz) manat məbləğində (ƏDV-siz) ödəniş müəyyənləşdirilmişdir.
Məlumdur ki, ali məktəblərə qəbul imtahanları zamanı abituriyentin doğru cavabların sayından səhv cavabların sayının 1∕4-i çıxılır (dörd səhv cavab bir doğru cavabı “silir”), bəs rezidenturaya qəbulda bu qayda tətbiq edilir?
Xeyr, namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir və səhv cavablar namizədin imtahan nəticəsinə (yekun balına) təsir göstərmir.
Mən Rusiya Federasiyası Dağıstan Respublikasının vətəndaşıyam və baza ali tibb təhsilini Moskvada almışam. Bu il Azərbaycan Respublikasında rezidenturaya qəbul imtahanında iştirak etmək istəyirəm. Sənədlərimi hansı qaydada və harada təqdim etməliyəm?
Siz müsabiqədə iştirak etmək üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən müəyyən edilmiş müddətdə Mərkəzin rəsmi internet saytında “Namizədin elektron ərizəsi”ni doldurmalı və tələb olunan sənədləri (tələb olunan sənədlərin siyahısı “Rezidentura” jurnalının 2-ci nömrəsində ərizə qəbulu elanında dərc olunur) DİM-də yaradılmış Sənəd Qəbulu Komissiyasına şəxsən təqdim etməklə ərizənizi təsdiq etdirməlisiniz.
Mən baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı (I mərhələ) üzrə müsabiqə şərtini ödəmişəm. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak etmək üçün nə etməliyəm?
İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmış namizədlər tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib DİM tərəfindən müəyyən edilən müddətdə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməyən namizədlər imtahana buraxılmırlar.
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələdə) tələbələr də iştirak edə bilərmi?
Yeni qaydalara əsasən baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında III kursu tam bitirmiş tələbələr də iştirak edə bilər.
Rezidenturaya qəbulun müsabiqəsi necə aparılır?
Müsabiqə namizədlərin ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladıqları bal əsasında aparılır.
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (I mərhələnin) nəticəsi necə qiymətləndirilir?
Yeni qaydalara əsasən baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbulla” qiymətləndirilir, “məqbul” alanlar 5 il ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar.
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələdə) yüksək bal toplamağın müsabiqə zamanı namizəd üçün nə kimi əhəmiyyəti var?
Müsabiqə zamanı eyni ixtisası seçmiş və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladığı balı eyni olan iki və daha artıq namizədi bir-birindən fərqləndirmək üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından toplanılan bal nəzərə alınır.
Rezidenturada təhsil aldığım müddətdə başqa ixtisas əldə etmək rezidenturaya qəbul imtahanında iştirak edə bilərəmmi?
Yeni qaydalara əsasən rezidenturada təhsili ərzində baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak etmək olar. Lakin ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak etmək üçün rezidentura təhsilini başa vurmaq və ya rezidentura təhsilindən imtina etmək tələb olunur.