Moodle Users Association
Moodle 2002-ci ildən bəri "Moodle Pty Ltd"nin rəhbərliyi ilə təhsil sahəsində onlayn mühit yaradaraq birgə öyrənmə üçün yeni proqramlar, onlayn kurslar və təlim fəaliyyətinə imkan verən, yüz minlərlə müəssisə və iş yerlərində istifadə olunan dünya miqyaslı açıq təlim platformasıdır.
Dövlət İmtahan Mərkəzi 2020-ci ilin noyabr ayından etibarən distant tədris və onlayn qiymətləndirmə platformalarının inkişafı naminə yaradılan Moodle İstifadəçiləri Assosiasiyasının (MİA) üzvüdür. MİA Moodle platformasının inkişafına töhfə verən əsas rəsmi qeyri-kommersiya təşkilatıdır. MİA bu platformanın istifadəçilərinə və əməkdaşlıq etdiyi təşkilatlara platformanın inkişafı üçün imkan yaradır. DİM-in MİA üzvlüyü Moodle tətbiqindən istifadə edən DİM mütəxəssislərinə Moodle alətlərinin əlçatan olması üçün şərait yaradır və onlara Moodle platformasının üstünlükləri, habelə yenilənmiş versiyaları barədə sürətli məlumat əldə etməyə imkan verir. DİM-in nümayəndələri Moodle Öyrənmə İdarəetmə Sistemi (LMS) əsasında onlayn imtahanların keçirilməsi üçün "ProctorDİM", həmçinin Yüksəliş müsabiqəsinin imtahan platformaları hazırlamışdır. Moodle platforması ilə əməkdaşlıq Öyrənmə və İdarəetmə Sisteminin (LMS – Learning Management System) yeniliklərindən yararlanmağa fürsət verərək, DİM-in əməkdaşları tərəfindən yaradılan distant tədris - OTK və onlayn qiymətləndirmə - "ProctorDİM" kimi paltformalarının inkişafına da imkan verir.
Bundan əlavə, DİM-in əməkdaşları Moodle tərəfindən təşkil edilən “MoodleMoot Global Online 2020” tədbirində iştirak etmiş, yaradılan platformaların daha da təkmilləşdirilməsi, öyrənmə və qiymətləndirmə prosesinə texnologiyanın tətbiqi zamanı yol verilə bilən xətaların aradan qaldırılması, digər ölkələr və təşkilatların elektron qiymətləndirmə təcrübəsi, bulud texnologiya sistemləri və Moodle tətbiqlərindən istifadə, eləcə də "plagin" komponentlərinin qiymətləndirməyə tətbiqi barədə yeni məlumatlar əldə etmişlər.