2017-ci il 5-6 dekabr tarixlərində Qazaxıstanın Almatı şəhərində Astanada yerləşən Dövlət Qulluğu üzrə Regional Xab, Estoniyanın Elektron İdarəetmə Akademiyası və Almatı Menecment Universitetinin birgə təşkilatçılığı ilə "Elektron hökumətin inkişafı: təcrübə, problem və perspektivlər" mövzusunda seminar keçirilmişdir.
Seminarı giriş sözü ilə açan Astanada yerləşən Dövlət Qulluğu üzrə Regional Xabın Rəhbər komitəsinin sədri Alixan Baymenov Xabın qarşıya qoyduğu məqsədlər haqqında danışmış, elektron hökumətin fəaliyyət istiqamətləri barədə məlumat vermiş və tədbirin bərabər tərəfdaşlıq ("peer-to-peer") prinsipləri əsasında təşkil edildiyini bildirmişdir. O, bu prinsipin elektron hökumətin formalaşdırılması və inkişafı üçün faydalı olacağını vurğulamışdır.
İlk təqdimatla çıxış edən Estoniyanın Elektron İdarəetmə Akademiyasının direktorunun müavini Hannes Astok Estoniyanın elektron hökumət sahəsində əldə edilən uğurlar, vətəndaşlara təqdim edilən innovasiyalar haqqında məlumat vermiş və Estoniyada əhaliyə xidmət sahələrinin böyük əksəriyyətinin elektronlaşdırıldığını qeyd etmişdir.
Eyni zamanda Qazaxıstan, Özbəkistan və digər ölkə iştirakçıları təqdimatlarla çıxış edərək elektron hökumət sahəsində təcrübələrini bölüşmüşlər.
DİM-in əməkdaşı Rasim Mahmudov Dövlət İmtahan Mərkəzinin elektron hökumətin inkişafı istiqamətində fəaliyyəti və Mərkəz tərəfindən yaradılan elektron sistemlər haqqında ətraflı məlumat vermişdir.
Tədbirin sonunda yekun nəticələr və Regional Xab çərçivəsində faydalı əməkdaşlığın gələcək perspektivləri müzakirə olunmuşdur.