AMEA-nın müxbir üzvü Kamil Ayda-zadəyə
Hörmətli Kamil müəllim!
Sizi ömrün müdriklik zirvəsi olan 70 yaşınızın tamam olması münasibəti ilə ürəkdən təbrik edirəm. Siz zəngin biliyi, elmi təcrübəsi, zəhmətsevərliyi ilə əvəzsiz xidmətlər göstərən dəyərli ziyalı, özünü daim təkmilləşdirən, insanlara xoşbəxtlik təlqin eləməyə çalışan, fəaliyyətini gələcək nəsillərin inkişafına istiqamətləndirməyi bacaran fədakar elm xadimisiniz. Yüksək insani keyfiyyətləriniz, prinsipiallıq və xeyirxahlığınız səmərəli fəaliyyətinizin başlıca qaynağıdır.
Müşahidə və qənaətim budur ki, Siz bir alim kimi elmi ictimaiyyət tərəfindən lazımınca dərk olunan, elm aləmində iti təfəkkürlü tədqiqatçı kimi tanınan, mənəvi kamillik ölçüsü ilə insanlara mənəvi-əxlaqi keyfiyyətlər aşılayan, hərtərəfli, yaradıcı, yüksək erudisiyalı ziyalısınız. Sizin elmi nailiyyətləriniz ölkəmizdə və xaricdə xalq təsərrüfatının müxtəlif sahələrində, idarəetmədə uğurla tətbiq olunur və töhfələr verir.
Hörmətli Kamil müəllim!
İşinizin çox olmasına baxmayaraq, Dövlət İmtahan Mərkəzi ilə də sıx əməkdaşlıq edirsiniz. Təşkilatımız tərəfindən icra olunmuş İKT üzrə Azərbaycan milli strategiyasının hazırlanması, “Seçkilər” informasiya mərkəzinin yaradılması kimi ölkə əhəmiyyətli layihələrin icrasında fəal iştirak etmisiniz.
İmtahanların idarə olunmasında imtahan rəhbəri kimi iştirakınız da, Azərbaycan Respublikasının Prezindenti İlham Əliyevin 18 aprel 2016-cı il tarixli sərəncamı ilə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının üzvü kimi səmərəli xidmətləriniz də DİM-in fəaliyyətinin təkmilləşdirilməsində öz töhfəsini verir.
Hörmətli Kamil müəllim!
Bir daha Sizi anadan olmağınızın 70 illiyi ilə əlaqədar olaraq ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, həyat və fəaliyyətinizdə daha böyük müvəffəqiyyətlər arzu edirəm.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının Sədri M.Abbaszadə