Rusiyanın Ali İqtisadiyyat Məktəbi Milli Tədqiqat Universitetinin (National Research University Higher School of Economics) “Rusiya və qonşu ölkələrdə ali təhsil” adlı beynəlxalq tədqiqatlar jurnalının “Ali təhsil müəssisələrinə qəbul mexanizmləri və ali təhsilin əlçatanlığı”na həsr olunan 2021-ci il 26 №-li buraxılışında DİM-in fəaliyyəti haqqında “Azərbaycanda ali təhsil müəssisələrinə qəbul sistemi” adlı məqalə nəşr olunub.
Məqalənin həmmüəllifləri DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev və Statistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar şöbəsinin müdiri Oleq Şelaqinovdur. Məqalədə “Mərkəzləşmiş imtahan sisteminin yaradılmasının məqsədləri” başlığı altında 1992-ci ildən tətbiq edilən mərkəzləşmiş imtahan sisteminin abituriyentlərin sosial-iqtisadi vəziyyəti və ya yaşayış yerindən asılı olmadan ali təhsil müəssisələrinə qəbulu prosesində sosial dəstək rolunu oynaması, eləcə də keyfiyyətli təhsili istedadlı və motivasiyalı tələbələr üçün əlçatan etməsi məsələləri qeyd edilib. Həmçinin bu sistem vasitəsilə Azərbaycanda korrupsiyanın və nepotizmin tamamilə aradan qaldırıldığı vurğulanıb.
Bundan əlavə, “İmtahanın məzmunu və qəbul sisteminin təkmilləşdirilməsi” başlığı altında ixtisas qrupları üzrə imtahan fənləri cədvəl şəklində təqdim olunub, buraxılış imtahanlarının yeni modeli, həmçinin imtahanların təşkili və idarəedilməsi haqqında geniş məlumat verilib. Məqalədə, həmçinin “2014–2020-ci illərin qəbul imtahanlarında iştirak edən abituriyentlərin qəbul balına əsasən müqayisəsi” (bütün məzunlar nəzərə alınaraq) diaqram vasitəsilə göstərilib. “DİM-in sosial və ictimai qiymətləndirilməsi” hissəsində isə imtahanların texnologiyası və məzmununun daimi olaraq yenilənməsi, yeni test tapşırıqlarının və qiymətləndirmə alətlərinin hazırlanması, abituriyentlərin imtahanlara müstəqil şəkildə hazırlaşmaları üçün çoxçeşidli materialların (test bankları, internet resursları və s.) təmin olunması haqqında məlumatlar öz əksini tapıb.
Məqalə ilə https://herb.hse.ru/data/2021/04/08/1391963541/1HERB_26_view.pdf#page=11 keçidi vasitəsilə tanış olmaq mümkündür.