17 aprel 2018-ci il tarixində Dövlət İmtahan Mərkəzi və Dövlət İdarəçiliyi üzrə Finlandiya İnstitutunun (HAUS) birgə təşkilatçılığı ilə “Şərq Tərəfdaşlığı ölkələrində müasir liderlik və potensial quruculuğuna dəstək (PADOS II) layihəsi” çərçivəsində dövlət qulluğunda rəhbər vəzifələrə ilk dəfə qəbul olmuş dövlət qulluqçuları üçün tədbir keçirilir.
Tədbiri giriş sözü ilə açan Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə layihə haqqında iştirakçılara geniş məlumat vermiş, eləcə də Azərbaycanda 2018-ci ilin birinci rübündə dövlət qulluğuna qəbul sahəsində görülmüş işlər, imtahanlar, statistik göstəricilər və s. məlumatları təqdim etmişdir.
Qeyd edək ki, Finlandiya Dövlət İdarəçiliyi İnstitutu (HAUS MMC) 1971-ci ildə dövlət qulluqçuları üçün dövlətə məxsus mərkəzləşmiş təlim agentliyi kimi yaradılmışdır. Dövlət qulluğu üzrə milli təlim institutudur və Finlandiyanın Maliyyə Nazirliyinə hesabat verir.
Tədbirdə finlandiyalı ekspertlər – Finlandiya Dövlət İdarəçiliyi İnstitutunun Baş direktoru Xanım Anneli Temmes və Finlandiya Maliyyə Nazirliyində maliyyə məsələləri üzrə müşavir Cənab Ari Holopainen tərəfindən liderlik keyfiyyətləri, liderlərin potensialının artırılması, insan resurslarının idarə edilməsi, dövlət qulluğuna kadrların seçimi, dövlət qulluqçularının etik davranış qaydaları və s. kimi əhəmiyyətli mövzularla bağlı Finlandiya təcrübəsi təqdim edilir və iştirakçılarla birgə müzakirələr aparılır.
Xatırladaq ki, 2015-2016-cı illərdə Finlandiya Dövlət İdarəçiliyi İnstitutu (HAUS) estoniyalı tərəfdaşları ilə birlikdə Avropa İttifaqının Şərq Tərəfdaşlığı (ŞT) proqramının iştirakçı ölkələri üçün “İştirakçı demokratiya, açıq hökumət və səmərəli e-hökumət xidmətləri (PADOS I)” adlı layihə həyata keçirmişdir. PADOS layihəsinin məqsədi altı ŞT ölkəsində qərar qəbulu prosesində və idarəçilikdə şəffaflığı və açıqlığı təbliğ etməklə demokratik idarəçiliyi dəstəkləməkdir. Hədəf vətəndaş iştirakçılığını və açıq idarəçilik mexanizmini artıracaq yeni alətlərin təqdim edilməsi, ŞT ölkələrinə informasiya texnologiyalarının tətbiqində və e-idarəçilik xidmətlərinin inkişafına dəstək göstərmək, potensial quruculuğu tədbirləri vasitəsi ilə dövlət idarəçiliyi islahatlarının və açıq idarəçiliyin sürətləndirilməsi, seminarların, qarşılıqlı təcrübə mübadiləsi platformalarının, yeni innovativ pilot model və yanaşmaların təşkil edilməsidir. PADOS layihəsinin hədəf benefisiar ölkələri ŞT (Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistan) ölkələridir. Layihə Finlandiya Xarici İşlər Nazirliyi və Avropa Komissiyası tərəfindən maliyyələşdirilmişdir. Layihə çərçivəsində hər bir benefisiar ölkədə, o cümlədən Azərbaycanda (23-24 noyabr 2015-ci il tarixində) dövlət qulluqçuları üçün seminar təşkil edilmişdir.
Birinci Layihənin uğurlu nəticələri nəzərə alınaraq “Şərq Tərəfdaşlığı ölkələrində müasir liderlik və potensial quruculuğuna dəstək (PADOS II) layihəsi” adı ilə layihə davam etdirilmişdir.
“PADOS II” Layihəsi ŞT ölkələrinin dövlət idarəçiliyində müasir liderlik və potensial quruculuğu mövzusunu əhatə edir. "PADOS II" həm ŞT dövlətləri üçün ümumi, həm də hər bir dövlətin dövlət qulluqçularının potensialının artırılması sahəsində Finlandiya ilə ikitərəfli əməkdaşlığını nəzərdə tutan müxtəlif tədbirlərdən ibarət layihədir.