Dövlət İmtahan Mərkəzi 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materialları «Abituriyent» jurnalının 12-ci nömrəsində çap edib.
Bu elmi-statistik təhlillər respublikada Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən müxtəlif səpkili imtahanların ayrı-ayrı istiqamət və çoxsaylı parametrləri üzrə aparılıb. Təhlillər Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri M.Abbaszadənin rəhbərliyi ilə yerinə yetirilib.
Dövlət İmtahan Mərkəzində aparılan elmi-statistik təhlilin nəticələri hamı üçün açıqdır. Bu nəticələr respublika pedaqoji ictimaiyyəti, təhsil qurumları və müəssisələri rəhbərlərinin iştirakı ilə keçirilən müxtəlif səviyyə və miqyaslı konfrans və görüşlərdə müzakirə edilir. Bununla da təhsillə bağlı strateji əhəmiyyətli qərarlara yol açılır.
Burada ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə, rezidenturaya, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının, ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən təhsilin həm ümumilikdə ölkə üzrə, həm də ayrı-ayrı bölgələr və məktəblər üzrə göstəriciləri, bunların əsas parametrləri əhatəli şəkildə araşdırılıb, təklif və tövsiyələr irəli sürülüb.
Jurnalın elektron versiyasını DİM-in saytında Fəaliyyət/Tədqiqat/Faydalı (dim.gov.az/az/fealiyyet/tetqiqat/statistik-tehlil) alt bölməsindən ödənişsiz əldə edə bilərsiniz.
DİM tərəfindən yaradılmış mekteb.edu.az portalından istifadə etməklə hər bir rayonun istənilən məktəbi barədə statistik məlumatlarla tanış olmaq mümkündür. Ayrı-ayrı şəhər və rayonların məzunlarının imtahanlardakı nəticələrinə dair statistik məlumatlar regional təhsil idarələrinə və rayon təhsil sektorlarına da göndərilir.
Bundan əlavə, “Abituriyent” 12 jurnalına əlavə kimi “Qəbul və buraxılış imtahanlarının nəticələrinin gender aspektləri”, “Kənd təsərrüfatı profilli ixtisaslar statistikada”, “Neft-qaz profilli ixtisaslar statistikada” araşdırmalarının elektron (pdf) variantı ilə müvafiq bölmədə keçidlərdə tanış ola bilərsiniz.