2022-ci il 18-27 aprel tarixlərində DİM-in Strateji inkişaf şöbəsi və Psixoloji qiymətləndirmə və diaqnostika şöbəsinin əməkdaşları “ADA” Universitetinin dəvəti ilə universitetin nəzdində təşkil olunan “Məşğulluq həftəsində” (Employability Week) "spiker" qismində iştirak ediblər.
“Məşğulluq həftəsi” müxtəlif fəaliyyət istiqamətləri üzrə tərəfdaş qurumlar tərəfindən təlimlər silsiləsi və seminarların keçirilməsi üçün nəzərdə tutulub.
Təlimlərin məqsədi karyera tendensiyaları ilə bağlı “ADA” Universitetinin 2-4-cü kurs və magistratura tələbələri arasında məlumatlılığı artırmaq və tələbələrlə potensial işəgötürənlər arasında əlaqə yaratmaq, o cümlədən spesifik fəaliyyət sahələri ilə əlaqədar zəruri texniki biliklər barədə iştirakçıları məlumatlandırmaqdan ibarət olub.
Görüşlərdə DİM, bir sıra özəl şirkətlərin və bankların nümayəndələri tərəfindən aşağıdakı sessiyalardan ibarət təlimlər təqdim edilib. Təlimlər ingilis dilində keçirilib.
-
emosional zəka və onun rolu;
-
sahə (sənaye) anlayışları;
-
müsahibə bacarıqlarının təkmilləşdirilməsi;
-
müvəffəqiyyət üçün bacarıqların artırılması və iş etikası;
-
sahibkarlıq və innovasiya;
-
şəxsi brendinq və rəqəmsal şəbəkə.
Təlimin son günü təlimlərdə iştirak etmiş tələbələrlə qiymətləndirmə sessiyası keçirilib və sertifikat, DİM barədə Korporativ məlumat kitabı və dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərə kömək məqsədilə “500 test tapşırığı” adlı toplu təqdim olunub.
“Məşğulluq həftəsi”nin bağlanış mərasimi 6 may tarixində keçirilib və DİM layihədə iştirakına görə sertifikatla təltif edilib.
Qeyd edək ki, qiymətləndirmə nəticəsində ən yüksək nəticə göstərmiş 3 tələbə DİM-də 2 aylıq təcrübə keçmək imkanı əldə edib.