Dövlət İmtahan Mərkəzinin (DİM) Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu ilə əməkdaşlığı çərçivəsində Kembric imtahanlarının danışıq (Speaking) bloku üzrə mütəxəssislər üçün təlim təşkil olunub.
DİM 2019-cu ildən etibarən Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu ilə əməkdaşlıq edir və rəsmi test mərkəzi kimi bir sıra Kembric imtahanlarını təşkil edir. Bu imtahanlarda namizədlərin xarici dil üzrə dörd əsas bacarığı – dinləmə, oxu, yazı və danışıq – qiymətləndirilir. Qeyd edək ki, dinləmə, oxu və yazı bacarıqları imtahanın formatından asılı olaraq kağız və ya kompüter əsaslı şəkildə keçirilir. Danışıq bloku isə bütün Kembric imtahanlarında ənənəvi olaraq əyani formada təşkil olunur.
Danışıq bloku üzrə mütəxəssislərin seçilməsi, təlimlərə cəlb olunması və sertifikatlaşdırılması prosesi Kembric qurumu tərəfindən təyin edilmiş qrup rəhbəri Həsən Vencevicius və Kembric imtahanları üzrə menecer Elnarə Tağıyeva tərəfindən həyata keçirilir. Bununla yanaşı, danışıq imtahanı üzrə mütəxəssislər üçün hər il yenidən sertifikatlaşdırma (recertification) təlimləri keçirilir.
Bu çərçivədə 26 aprel 2026-cı il tarixində DİM-in elektron imtahanlar korpusunda növbəti təlim təşkil olunub və DİM-in 4 nəfər danışıq bloku üzrə mütəxəssisi təlimdə iştirak edib.
Təlim proqramına danışıq imtahanı üzrə müəyyən edilmiş qiymətləndirmə meyarlarına dair nəzəri biliklər, praktiki tapşırıqlar, müxtəlif səviyyələr üzrə cavabların təhlili, qiymətləndirmə məşqləri və qrup işi daxildir.
DİM tərəfindən təşkil olunan Kembric kvalifikasiyaları barədə daha ətraflı məlumatı müvafiq keçid link vasitəsilə əldə edə bilərsiniz.