30 avqust 2021-ci il tarixində Şərq Tərəfdaşlığı Regional İdarəçilik İslahatı Fondu və GIZ (Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı) Regional Fondunun birgə təşkilatçılığı ilə ŞT ölkələrinin iştirakı ilə “Zoom” platforması üzərindən "Peşəkar dövlət qulluğu, habelə texniki peşə təhsili və təlimi" layihəsi üzrə onlayn planlaşdırma görüşü keçirilib.
Tədbirdə Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və Ukraynadan olan nümayəndələr tərəfindən hər bir ölkənin dövlət qulluğu sisteminə ümumi baxış, aparılan islahatlar, əsas çətinliklər, gələcək prioritetlər və planlar barədə ən son məlumatlar təqdim edilib.
Görüşdə Dövlət İmtahan Mərkəzinin Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn çıxış edərək “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya” və ondan irəli gələn fəaliyyətin icrası istiqamətində görülən işlər, həmçinin beynəlxalq ekspertlərin iştirakı ilə həyata keçirilən layihələr barədə məlumat verib.
Tədbirin ikinci sessiyasında regional layihələr üzrə fikir mübadiləsi aparmaq və təkliflərin hazırlanması məqsədilə DİM-in Strateji inkişaf şöbəsinin əməkdaşları da daxil olmaqla bütün tədbir iştirakçıları işçi qruplara bölünərək aşağıdakı istiqamətlər üzrə fikir mübadiləsi aparıblar:
- “Keyfiyyətin idarə edilməsi” və “İdarəetmə və liderlik” kursunun genişləndirilməsi;
- “Öyrənmə üsulları: koaçinq və mentorluq”;
- “E-təlimçilərin hazırlanması və e-təlim kursları”nın yaradılması;
- “İnsan resursları və korrupsiya ilə mübarizə”.
Layihə üzrə növbəti addım kimi təşkilatçılar tərəfindən qrup müzakirəsi nəticəsində tərtib edilən təkliflərin təhlili və iştirakçı ölkələr üçün inkişaf layihələri təkliflərinin təqdim edilməsi planlaşdırılır.