25 dekabr 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzi və “YAŞAT” Fondunun birgə təşkilatçılığı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan müharibədə şəhid olmuş qəhrəmanlarımızın məktəbli övladlarının iştirakı ilə Gəncə, Tovuz və Şirvan şəhərlərində görüşlər keçirilib.
Gəncə şəhərində “PMD Group”un dəstəyi ilə “Ramada Plaza by Wyndham Gence” otelində təşkil olunmuş tədbirdə DİM-in şöbə müdiri Vəli Hüseyn, Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədov, “YAŞAT” Fondunun nümayəndəsi Elvin Nəsibov, otelin baş direktoru Emin Həsənov, Gəncə, Mingəçevir, Daşkəsən, Samux, Naftalan, Göygöl, Xocalı, Kəlbəcər və Goranboy rayonlarının ümumtəhsil müəssisələrində təhsil alan şəhid övladlarının bir qismi və onların valideynləri iştirak ediblər.
Tovuzda olan görüş Bozalqanlı kənd tam orta məktəbində təşkil olunub və tədbirdə ictimai fəal şəxslər, DİM-in Şəmkir Regional Bölməsinin müdiri Faiq Həsənov, Ağstafa, Gədəbəy, Qazax, Tovuz və Şəmkir rayonlarının ümumtəhsil müəssisələrində təhsil alan bəzi şəhid övladları iştirak ediblər.
Digər görüş isə Şirvan şəhər 21 nömrəli tam orta məktəbdə keçirilib. Görüşdən öncə iştirakçılar Şəhidlər xiyabanını ziyarət ediblər. Tədbirdə DİM-in Şirvan Regional Bölməsinin müdiri Hafis Bağırov, rayon ictimaiyyətinin nümayəndələri, İmişli, Şirvan, Hacıqabul, Sabirabad, Neftçala, Salyan və Saatlı rayonlarının ümumtəhsil müəssisələrində təhsil alan şəhid övladlarının bir hissəsi iştirak ediblər.
Tədbirlərdə 4 noyabr 2021-ci il tarixində DİM ilə “YAŞAT” Fondu arasında əməkdaşlığa dair imzalanan Memorandum iştirakçıların diqqətinə çatdırılıb. Qeyd olunub ki, imzalanan memorandumun əsas məqsədi şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara dəstək vermək, onların təhsilinə, gələcək karyerasının planlaşdırılmasına və inkişafına əməli yardım göstərməkdir. Memorandumun fəaliyyət istiqamətlərindən və görülən işlər barədə məlumat verildikdən sonra DİM əməkdaşları tərəfindən iştirakçalara psixoloji dəstəyə, psixoloq fəaliyyətinə adekvat münasibətin formalaşmasına, psixoloji biliklər sahəsində dünyagörüşünün genişləndirilməsinə töhfə vermək və insanlara keyfiyyətli psixoloji dəstək xidmətləri göstərmək məqsədi ilə DİM tərəfindən yaradılan e-psixoloq.az saytı barəsində də məlumat verilib. Çıxışlardada saytın əsas fəaliyyət istiqamətləri olan onlayn konsultasiyalar, maarifləndirici materiallar, psixoloji testlər və peşələrin təsviri xidmətlərindən istifadə qaydaları izah edilib.
Tədbir iştirakçılarına Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr olunan müxtəlif dərs vəsaitləri (ümumilikdə 689 ədəd) hədiyyə olunub. Həmçinin otk.az saytı vasitəsilə keçirilən sınaq imtahanlarına ödənişsiz kuponlar təqdim edilib. İştirakçılara verilən kuponların istifadə qaydaları və otk.az saytının “fənlər və siniflər üzrə sınaq imtahanları”, “IX və XI sinif şagirdləri üçün onlayn buraxılış imtahanları”, “interaktiv siniflər üzrə test kitabları”, “interaktiv test topluları” və digər xidmətləri haqqında məlumat verilib.
Qeyd edək ki, Gəncə, Tovuz və Şirvan şəhərlərində keçirilən tədbirlərə COVID-19 pandemiyası ilə əlaqədar məhdudiyyətlər nəzərə alınaraq müvafiq olaraq 33, 18, 16 nəfər məktəbli və onların valideynləri dəvət olunub. Gəncə və ətraf rayonların məktəblərində təhsil alan, lakin pandemiya qaydalarına riayət etmək səbəbi ilə görüşə çağırılmayan 84 şəhid övladına, Tovuz regionu üzrə 67 şəhid övladına da DİM tərəfindən nəşr olunan müxtəlif dərs vəsaitləri və otk.az saytı üçün ödənişsiz kuponlar çatdırılacaq.
Məlumat üçün bildirək ki, bundan əvvəl Bakı, Naxçıvan və Bərdə şəhərlərində analoji tədbirlər keçirilib və yaxın vaxtlarda DİM-in digər regional bölmələrində də təşkil olunacaq.