Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Londona səfəri çərçivəsində iyunun 12-də Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyanın (The International Association for Educational Assessment - IAEA) prezidenti Mafu S.Rakometsi və IAEA-nın Qəyyumlar şurasının üzvləri ilə görüş keçirib (https://iaea.info/about-us/iaea-board-of-trustees/).
Görüş zamanı DİM və IAEA arasında uzunmüddətli əməkdaşlıq çərçivəsində görülən işlər, qiymətləndirmə sahəsində yeniliklər, assosiasiyanın fəaliyyəti və gələcək əməkdaşlıq məsələləri müzakirə olunub. Görüşün sonunda IAEA-nın prezidenti Mafu S.Rakometsi tərəfindən M.Abbaszadəyə DİM-in 10 illik yubileyi münasibətilə “Təbrik Sertifikatı” təqdim olunub.
Qeyd edək ki, IAEA ilə əməlkdaşlıq 1999-cu ildən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Assosiasiyaya üzlüyü dövründən başlanıb. Azərbaycan 2007 və 2019-cu illərdə IAEA illik konfranslarına ev sahibliyi edib. Eyni zamanda Mərkəzin əməkdaşları Assosiasiyanın dünyanın müxtəlif yerlərində keçirilən illik konfranslarında təqdimatlarla çıxış edərək ölkəmizin qiymətləndirmə sahəsindəki təcrübəsini beynəlxalq auditoriya ilə bölüşürlər.
Məlumat üçün bildiririk ki, DİM-in nümayəndə heyətinin Londona səfəri çərçivəsində Mərkəzin Rəqəmsal inkişaf, innovasiyalar və strateji layihələrin idarə edilməsi şöbəsinin müdiri Elmir Şirinov 11 – 12 iyun tarixlərində Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyanın strateji inkişaf istiqamətlərinin müzakirə olunduğu illik görüşünə də qatılıb. O, bu görüşdə DİM-in nümayəndəsi kimi IAEA-nın Qəyyumlar Şurasının üzvü qismində iştirak edib. E. Şirinov həmçinin IAEA-nın Qəyyumlar şurasının nəzdində fəaliyyət göstərən Starteji Kommunikasiya Komitəsinə rəhbərlik edir. Ağa Xan Mərkəzində (https://www.agakhancentre.org.uk) keçirilən 2 günlük görüşlər IAEA-nın gələcək strateji inkişaf istiqamətlərinin və davamlılığının gücləndirilməsinə yönəlib və Assosiasiyanın uzunmüddətli vizyonu, strateji idarəetmə məsələləri, üzvlüyün genişləndirilməsi və üzvlərin fəallığının artırılması üzrə müzakirələri əhatə edib. İştirakçılar Assosiasiya daxilində iştirakçılığın genişləndirilməsi, kommunikasiya və marketinq strategiyalarının təkmilləşdirilməsi, həmçinin IAEA-nın beynəlxalq əməkdaşlıq, beynəlxalq inkişafa töhfə, peşəkar inkişaf proqramları və tanınma məsələlərində rolunun gücləndirilməsi yollarını nəzərdən keçiriblər. Görüşdə həmçinin maliyyə planlaşdırması, gələcək konfransların təşkili imkanları və Assosiasiyanın qlobal görünürlüyünün artırılması məsələləri müzakirə olunub. Ümumilikdə, müzakirələr institusional potensialın gücləndirilməsinə, təhsildə qiymətləndirmə sahəsində beynəlxalq əməkdaşlığın təşviqinə və IAEA-nın gələcək inkişafı üçün strateji prioritetlərin və konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə xidmət edib.