“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Bir xalqın taleyini dəyişən ömür: Heydər Əliyev – qəlblərdə yaşayan lider” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ulu öndər Heydər Əliyevin siyasi səhnəyə gəlişi ilə Azərbaycan tarixində dönüş nöqtəsinin yaranması, bütün sahələrdə əhəmiyyətli dirçəlişin başlanması, ən mühüm istiqamətlərdən biri olan milli kadr potensialının formalaşdırılması məqsədilə atılan addımlar, həmçinin ulu öndər tərəfindən müəyyən edilmiş strateji inkişaf xəttinin bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi haqqında danışıb.
M.Abbaszadənin çıxışının tam mətnini təqdim edirik:
“Hörmətli tədbir iştirakçıları, əziz həmvətənlər!
Xalqların tarixi təkcə hadisələrlə deyil, həm də onu formalaşdıran şəxsiyyətlərlə ölçülür. Bəzi liderlər vardır ki, onların fəaliyyəti öz dövrünü aşaraq gələcək nəsillərin yoluna işıq salır. Belə şəxsiyyətlər xalqın taleyini dəyişdirməyi, onu böhranlardan keçirməyi və milli kimliyini qoruyaraq inkişafa yönəltməyi bacarırlar. Tarix göstərir ki, cəmiyyətlərin yüksəlişi və millətlərin tərəqqisi çox zaman məhz belə uzaqgörən, qətiyyətli və milli dəyərlərə sadiq liderlərin iradəsi ilə mümkün olur.
Azərbaycan xalqının taleyində silinməz iz qoymuş nadir şəxsiyyətlərdən biri məhz Ulu Öndər Heydər Əliyev olmuşdur. Onun həyatı yalnız böyük bir liderin siyasi yolunu deyil, eyni zamanda müasir Azərbaycan dövlətçiliyinin quruluşunu əks etdirir. Bu gün – Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə biz yalnız dahi bir insanı deyil, bütöv bir tarixi mərhələni, xalqın iradəsi ilə formalaşmış dövlətçilik fəlsəfəsini və gələcəyə ünvanlanmış strateji inkişaf vizyonunu ehtiramla yad edirik.
Ulu Öndər Heydər Əliyevin siyasi səhnəyə gəlişi Azərbaycan tarixində dönüş nöqtəsi oldu. 1969-cu ildə respublika rəhbərliyinə gəlməsi ilə ölkədə yeni inkişaf mərhələsinin təməli qoyuldu. Onun uzaqgörən və məqsədyönlü idarəçiliyi nəticəsində Azərbaycan sənayesi yüksəlişə keçdi, enerji sektorunda mühüm nailiyyətlər əldə olundu, elm və mədəniyyət sahələrində əhəmiyyətli dirçəliş başladı. Lakin Heydər Əliyevin fəaliyyətində ən mühüm istiqamətlərdən biri milli kadr potensialının formalaşdırılması idi. Məhz onun təşəbbüsü və dəstəyi ilə minlərlə gənc Azərbaycanın gələcək intellektual elitasını təşkil etmək məqsədilə ittifaqın nüfuzlu ali məktəblərinə göndərildi.
Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladığı dövrdə ittifaq respublikalarının ali təhsil müəssisələrinə göndərilən azərbaycanlı gənclərin sayı cəmi 47 nəfərlə məhdudlaşırdı. Lakin onun hakimiyyətə gəlişi ilə bu sahədə köklü dönüş baş verdi. Heydər Əliyev dərin strateji baxışı ilə Azərbaycanın gələcəyinin yalnız təbii ehtiyatlarda deyil, məhz intellektual potensialın inkişaf etdirilməsində olduğunu aydın şəkildə dərk edirdi. Bu səbəbdən o, yüksək ixtisaslı milli kadrların hazırlanmasını dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi.
Təhsilə münasibətdə bu prioritet yanaşma qısa müddətdə öz nəticəsini göstərdi. 1970-ci illərdə respublikadan kənarda nüfuzlu ali məktəblərdə təhsil alan azərbaycanlıların sayı sürətlə artaraq 3600 nəfəri ötdü. Təhsillərini başa vurmuş bu gənclərin ölkəyə qayıdışı ilə sənaye, iqtisadiyyat, elm, idarəetmə və digər vacib sahələrdə kadr çatışmazlığı problemi nəzərəçarpacaq dərəcədə azaldı.
Yeni bilik və bacarıqlara yiyələnmiş bu mütəxəssislər tədricən dövlət idarəçiliyində, elmi-tədqiqat müəssisələrində və digər sahələrdə rəhbər vəzifələrə yüksələrək Azərbaycanın sosial-iqtisadi və elmi inkişafına mühüm töhfələr verdilər.
Ulu öndər sovet ideoloji sisteminin çərçivələri daxilində belə milli kimliyi qorumağı, azərbaycançılıq ideyasını yaşatmağı bacardı. O dövrdə atılan strateji addımlar Azərbaycanın gələcək müstəqilliyinin sosial və intellektual təməlini qoydu.
Əziz iştirakçılar!
1990-cı illərin əvvəllərində ölkəmiz müstəqilliyini bərpa etsə də, dərin siyasi və iqtisadi böhran içində idi. Vətəndaş qarşıdurması, ərazi itkisi və dövlətçiliyin itirilməsi təhlükəsi real idi. Belə çətin dövrdə xalqın çağırışı ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev, ölkəni xaosdan sabitliyə, parçalanmadan birliyə, tənəzzüldən inkişafa aparmağı bacardı. Onun rəhbərliyi ilə dövlət strukturları bərpa olundu, Konstitusiya qəbul edildi, beynəlxalq əlaqələr quruldu və Azərbaycanın müstəqil siyasi xətti formalaşdı.
Heydər Əliyevin strateji baxışında iqtisadi islahatlar və dövlət quruculuğu ilə yanaşı, insan kapitalı məsələsi də mərkəzi yer tuturdu. Onun fikrincə, ölkənin gələcəyi yalnız təbii sərvətlərə deyil, təhsilli və vətənpərvər gənclərə söykənməlidir. Bu baxımdan, Ulu Öndərin təhsilə olan münasibəti çox dəyərlidir.
O, ali məktəblərə qəbul imtahanlarının mərkəzləşdirilmiş şəkildə, obyektiv və şəffaf keçirilməsinin təhsildə ədalətin bərpasına, savadlı və layiqli gənclərin seçilməsinə xidmət etdiyini xüsusilə qeyd edirdi.
Bu fikir təkcə bir islahatın müdafiəsi deyil, həm də sosial ədalətə olan sarsılmaz inamın təcəssümüdür. Bu gün Dövlət İmtahan Mərkəzinin fəaliyyəti məhz bu prinsiplərə əsaslanır: şəffaflıq, obyektivlik və ədalət.
Hörmətli iştirakçılar!
Ulu Öndər tərəfindən müəyyən edilmiş strateji inkişaf xətti bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə Azərbaycan iqtisadi baxımdan daha da güclənmiş, qlobal təşəbbüslərin etibarlı tərəfdaşına çevrilmişdir. Ən önəmlisi isə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbə Prezident İlham Əliyevin uzaqgörən, milli maraqlara əsaslanan siyasətinin məntiqi nəticəsi olmuşdur.
Prezident İlham Əliyevin rəhbərlik etdiyi inkişaf strategiyasının mərkəzində dayanan əsas prinsiplərdən biri də insan kapitalının sistemli və davamlı şəkildə inkişaf etdirilməsidir. Bu siyasətin əsas istiqamətlərini isə təhsil sahəsində həyata keçirilən dərin islahatlar, müasir texnologiyaların geniş tətbiqi, rəqəmsal bacarıqların artırılması, ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması və gənclərin elmə cəlb olunması təşkil edir.
Bu gün Prezident İlham Əliyevin təşəbbüsü ilə “Böyük Qayıdış”, “Yaşıl Enerji Zonası”, “Azərbaycan 2030” kimi konseptual sənədlər yalnız fiziki bərpa və iqtisadi inkişafı deyil, eyni zamanda bilikli, çevik, innovativ düşüncəli insan kapitalının formalaşdırılmasını da hədəfləyir.
Əziz tədbir iştirakçıları!
Heydər Əliyev məktəbinin əsas fəlsəfəsi budur: xalqı inkişaf etdirmək üçün ilk növbədə onun insan resursunu inkişaf etdirmək lazımdır. Güclü iqtisadiyyat, güclü ordu və müstəqil siyasət yalnız güclü təhsil, güclü vətəndaş və güclü milli düşüncə ilə mümkündür. Dövlətin dayanıqlığı isə obyektiv və ədalətli seçim mexanizmləri ilə təmin olunur.
Bu baxımdan, biz – Dövlət İmtahan Mərkəzinin kollektivi olaraq – Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyevin davam etdirdiyi bu strateji yanaşmanı rəhbər tutaraq, təhsildə və dövlət qulluğunda ədalətli seçim, şəffaf qiymətləndirmə və insan potensialının düzgün istiqamətləndirilməsi üçün fəaliyyətimizi davam etdiririk.
Ulu Öndərin 102 illiyi münasibətilə onun əziz xatirəsini dərin ehtiramla yad edir, bu siyasəti daim yaşatmaq və inkişaf etdirmək əzmimizi bir daha bəyan edirik.
Diqqətinizə görə təşəkkür edirəm!”