15-17 oktyabr 2021-ci il tarixlərində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin akkreditasiyasına əsasən peşəkar mühasib təşkilatı kimi fəaliyyət göstərən Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) tərəfindən “Maliyyə hesabatları: gələcəyə baxış” mövzusunda Naxçıvan şəhərində “Mühasiblərin və Auditorların VII Avrasiya Forumu” keçirilib.
9 ölkənin peşəkar mütəxəssislərinin və yerli qurumların nümayəndələrinin iştirak etdiyi forumda Dövlət İmtahan Mərkəzinin (DİM) Daxili auditoru Elmar Abasov və Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn də iştirak ediblər.
Forumda Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri Rafael Əliyev açılış nitqi ilə çıxış edib. Daha sonra tədbir çərçivəsində 4 panel sessiya üzrə mühasibatlıq və audit sahəsində fəaliyyət göstərən rəhbər şəxslər və ekspertlər öz ölkələrinin təcrübələrini paylaşıblar. Forumda yer almış sessiyalar:
-
Mühasibat uçotu üzrə dövlət tənzimlənməsi / Vergi qanunvericiliyi və mühasibat uçotu;
-
Beynəlxalq təcrübə;
-
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tətbiqi (Kommersiya qurumları və büdcə təşkilatları);
-
Maliyyə Hesabatının Beynəlxalq Standartlarının tətbiqində təhsil və sertifikasiyanın rolu.
DİM-in nümayəndələri tədbir iştirakçılarına Mərkəzin fəaliyyətini əhatə edən (Peşəkar mühasib sertifikatı (PMS) üçün imtahanın keçirilməsi barədə məlumat daxil olmaqla) Korporativ Məlumat Kitabını təqdim ediblər.
Xatırladaq ki, “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarına əsasən Peşəkar mühasib sertifikatının (PMS) verilməsi prosesinin təşkili və imtahanların keçirilməsi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir.