20 may 2021-ci il tarixində Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib. Tədbirdə Dövlət İmtahan Mərkəzinin Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn də iştirak edib.
İclasa Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Dövlət Katibinin Parlament nümayəndəsi, ixracat naziri Qraham Styuart həmsədrlik ediblər.
Tədbir zamanı hər iki tərəfin müvafiq dövlət qurumlarının nümayəndələri təqdimatlarla çıxış edərək ölkələrindəki mövcud iqtisadi inkişafı, həmçinin Birgə Kommisiyanın 2019-ci ilin 22 may tarixində Londonda keçirilmiş üçüncü iclasından etibarən ikitərəfli ticarət əlaqələrində əldə edilmiş irəliləyişləri nəzərdən keçiriblər.
İclasın protokol sənədində DİM və Birləşmiş Krallığın müvafiq dövlət qurumları arasında aşağıda qeyd olunan istiqamətlər üzrə əməkdaşlığın təşkil edilməsi qərara alınıb:
Təhsildə qiymətləndirmə sahəsi üzrə:
- Qarşılıqlı təcrübə mübadiləsi çərçivəsində DİM-in qiymətləndirmə alətləri üzrə keyfiyyət standartlarının yüksəldilməsi;
- Birləşmiş Krallığın imtahanların məsafədən idarə olunması və imtahanlarda texnologiyanın istifadəsi istiqamətində təcrübəsinin öyrənilməsi;
- Qiymətləndirmə alətlərinin hazırlanması və təşkili üzrə qayda və təlimatların tərtibi istiqamətində təcrübə mübadiləsi.
Dövlət qulluğu sahəsi üzrə:
- Birləşmiş Krallıqda Dövlət Xidmətinə qəbul - işə qəbulun müraciət, seçim və müsahibə mərhələləri və onların onlayn şəkildə idarə edilməsi;
- Dövlət Xidmətində fəaliyyətin idarə edilməsi – Birləşmiş Krallığın Dövlət Xidmətinin geniş yanaşması və onun Birləşmiş Krallığın dövlət nazirliklərində fərdi tətbiqi;
- İstedadın idarə edilməsi yanaşmaları və bunların karyerada irəliləmə, yüksəlməni təmin etmək üçün Birləşmiş Krallığın Dövlət Xidmətində istifadə edilməsi yolları.
İqtisadi sahə üzrə:
- Göstəriciləri yaxşılaşdırmaq, xərcləri azaltmaq, riski idarə etmək və azaltmaq, beynəlxalq ticarəti artırmaq, innovasiyanı sürətləndirmək, dayanıqlılığı artırmaq, keyfiyyət nümayiş etdirmək və sərmayədarlara inamı yaratmaq üçün beynəlxalq standartların və sertifikatlaşdırmaların Azərbaycana necə kömək edə biləcəyini müzakirə edilməsi.
Xatırladaq ki, DİM ingilis dili və təhsil sahəsində Birləşmiş Krallığın Britaniya Şurası (British Council) və Kembric Qiymətləndirmə (Cambridge Assessment) kimi təşkilatları ilə əməkdaşlığını davam etdirir.