ABŞ Səfirliyinin region üzrə ingilis dili müşaviri Lottie Baker ilə keçirilən görüşdə Dövlət İmtahan Mərkəzi, Təhsil Nazirliyi və Təhsil İnstitutunun nümayəndələri ölkədə ingilis dilinin tədrisi və qiymətləndirilməsi, ingilis dili dərslikləri və qiymətləndirmə vəsaitləri, müəllim hazırlığı və s. mövzuları müzakirə ediblər.
Görüşdə DİM tərəfindən ABŞ Səfirliyinin ELS (English Language Specialist – İngilis dili mütəxəssi) proqramı çərçivəsində həyata keçirilən “Müəllimlər üçün intensiv peşəkar inkişaf və konsultasiya” və “Xarici dil üzrə fənn kurikulumu, dərsliklər və qiymətləndirmə vəsaitlərinin (ingilis dili) təkmilləşdirilməsinə dəstək” layihələrinin əhəmiyyəti, onların nəticələri və atılacaq növbəti addımlar barədə geniş fikir mübadiləsi də aparılıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Təhsil İnstitutu “Xarici dil üzrə fənn kurikulumu, dərsliklər və qiymətləndirmə vəsaitlərinin (ingilis dili) təkmilləşdirilməsinə dəstək” layihəsində DİM-in tərəfdaşı olub və 4 mərhələdə həyata keçirilən layihənin təlim və konsultativ görüşlərində DİM, Təhsil Nazirliyi və Təhsil İnstitunun ingilis dili mütəxəssisləri iştirak edib.