6 yanvar – 9 mart 2022-ci il tarixlərində keçirilən və bütün respublika ərazisini əhatə edən təlimlərə 7362 nəzarətçi dəvət olunub. Nəzarətçilərdən 595 nəfər təlimlərdə iştirak edə bilməyib. Üzrsüz səbəblərdən təlimlərdə iştirak edə bilməyənlər nəzarətçilərin elektron bazasından xaric ediliblər.
Təlimlərdə əsas məqsəd imtahan texnologiyalarını və imtahanın gedişi ilə bağlı qaydaları izah etmək, nəzarətçilərin fərdi keyfiyyətləri ilə yaxından tanış olmaq, şəxsi anket məlumatlarını dəqiqləşdirmək, imtahan zalının peşəkar idarə olunması üçün mühüm məqamları qeyd etmək, nəzarətçilərin xüsusi hallarda operativ qərar qəbuletmə qabiliyyətlərini interaktiv üsullarla – sorğu-sualla ortaya çıxarmaqdır.
Təlimlərdə iştirak edən müəllimlər DİM tərəfindən keçiriləcək imtahanlara nəzarətçi kimi cəlb olunacaqlar. Bu da onların təlimlərdə əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcək.
Xatırladaq ki, “Nəzarətçilərin elektron qeydiyyatı” sistemində, ümumilikdə 15789 nəzarətçi haqqında məlumat var.