Dövlət İmtahan Mərkəzi tərəfindən il ərzində keçirilən imtahanlara zal nəzarətçisi qismində cəlb edilmiş şəxslərin fəaliyyətinin, ənənəvi olaraq imtahanlar başa çatdıqdan sonra, yekun qiymətləndirilməsi aparılır. Bu zaman nəzarətçinin imtahan texnologiyasını mənimsəmə səviyyəsi, auditoriyanı idarəetmə bacarığı, imtahan sənədləri ilə aparılan işin keyfiyyəti, imtahan rəhbərinin nəzarətçinin fəaliyyətinə verdiyi qiymət və rəyi, köçürmə halları və digər təlimat pozuntuları, 600-dən yuxarı bal toplamış abituriyentlərin sorğu-anketlərində zal nəzarətçisi haqqında rəyləri, nəzarətçinin ümumilikdə imtahanlarda iştirak fəallığı və əvvəlki imtahanlarda əldə etdiyi keyfiyyət göstəriciləri kimi çoxlu parametrlər nəzərə alınır və sonda imtahan iştirakçılarının şikayət ərizələrinin nəticələri də bu araşdırmalara əlavə edilir.
Araşdırmanın nəticələri zal nəzarətçilərinin fəaliyyətinin təkmilləşdirilməsi, onlarla təşkil ediləcək təlimlərin məzmun və metodunun yenidən işlənməsi, növbəti imtahanlar üçün nəzarətçi seçimi meyarlarının korrektə edilməsi, respublika üzrə orta ümumtəhsil müəssisələrinin qabaqcıl müəllimlərinin imtahanların təşkilində aktiv iştirakının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Məlumat üçün bildirək ki, 2021-ci ildə keçirilən imtahanlara nəzarətçi qismində cəlb edilməsi nəzərdə tutulan müəllimlərin sayı 16346 nəfərdən ibarət olmuşdur. İl ərzində keçirilən imtahanlara 13726 nəzarətçi 38983 dəfə, o cümlədən buraxılış imtahanlarına 10903 nəzarətçi 23951 dəfə, ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının II mərhələsinə 5710 nəzarətçi 6743 dəfə, digər imtahanlara isə 3824 nəzarətçi 8289 dəfə cəlb edilib. Onlardan zal nəzarətçilərinin fəaliyyətinin qiymətləndirilməsinə dair araşdırmanın nəticələrinə əsasən, nümunəvi fəaliyyətinə görə 2170 zal nəzarətçisinə təşəkkür elan edilib. Köçürməyə və digər qayda pozuntularına yol verdiklərinə görə 141 və cəlb edildiyi imtahanlarda dəfələrlə heç bir üzrlü səbəb olmadan iştirak etməyən 133, ümumilikdə 274 nəzarətçi isə bazadan xaric edilib.
Xatırladaq ki, indiyə qədər DİM tərəfindən keçirilən imtahanlarda nümunəvi fəaliyyətinə görə fərqlənən 5147 nəzarətçiyə təşəkkür elan edilib, o cümlədən 363 müəllim fəxri fərmanla təltif edilib.
DİM tərəfindən aparılan araşdırmanın nəticələri barədə Təhsil Nazirliyinə, müvafiq rayon (şəhər) təhsil şöbələrinə, nəzarətçi-müəllimlərin çalışdıqları təhsil müəssisələrinə məktublar göndərilib.