DİM beynəlxalq əməkdaşlarından biri olan “Cambridge Assessment English” qurumu ilə birlikdə 25 iyun 2021-ci il tarixində ingilis dili müəllimləri üçün dünyanın bir çox ölkələrində tanınan TKT kvalifikasiyalarına dair “Prove Your Teaching Knowledge with TKT” adlı onlayn məlumat sessiyası keçirib.
Sessiyanın spikeri,“Cambridge Assessment English”in Ukrayna, Qafqaz və Mərkəzi Asiya regionları üzrə Biznesin inkişafı departamentinin baş meneceri - Darina Sizuk TKT imtahanı, imtahana hazırlıq prosesi, TKT-nin mövcud 3 əsas, 2 ixtisaslaşma modulu arasındakı fərq, ödənişsiz resurslar və bu imtahanın üstünlükləri barədə iştirakçılara ətraflı məlumat verib. Tədbir interaktiv şəkildə həyata keçirilib və sessiya iştirakçıların suallarının cavablandırması ilə yekunlaşıb.
Məlumat sessiyası "Zoom" platforması üzərindən ingilis dilində keçirilib və tədbirdə 57 nəfər iştirak edib.
Qeyd edək ki, TKT ingilis dili müəllimləri üçün beynəlxalq səviyyədə tanınan müəllimlik kvalifikasiyasıdır. Pedaqoji təcrübəsindən asılı olmayaraq bütün müəllimlər bu imtahanı verə, peşəkar bilik və bacarıqlarını beynəlxalq səviyyədə qiymətləndirə və təsdiq edə bilərlər.
TKT kvalifikasiyalarını əldə etmək istəyən şəxslər 23 avqust 2021-ci il tarixində DİM-in keçirəcəyi imtahanda iştirak edə bilərlər. İmtahanda iştirak etmək üçün DİM-in rəsmi saytında imtahanlar bölməsində qeydiyyatdan keçmək lazımdır. İmtahanın son qeydiyyat tarixi 8 iyuldur.
DİM-in keçirdiyi beynəlxalq imtahanlarla bağlı keçiddən istifadə edərək ətraflı məlumat əldə etmək mümkündür.