Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi və Türkiyə Cümhuriyyətinin Yunus Əmrə İnstitutu arasında başlayan əməkdaşlıq qurumların rəhbərləri tərəfindən imzalanan bu protokolla rəsmiləşib. Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ərkan Özoral da iştirak edib.
Görüşün moderatoru DİM-in Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn çıxışçılar və DİM-in Direktorlar Şurasının üzvlərinin də daxil olduğu qonaqları təqdim edib. Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin müdiri Səlçuk Karakılıç əməkdaşlığın necə başladığına dair qısa məlumat verib. Sonra çıxış üçün söz DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadəyə verilib. Məleykə Abbaszadə əməkdaşlığın hər iki tərəf üçün əhəmiyyətindən bəhs edərək vurğulayıb ki, bu əməkdaşlıq Azərbaycan Dili Xarici Dil kimi İmtahanının və Azərbaycan dilinin elektron tədris platformasının ərsəyə gətirilməsində böyük əhəmiyyət kəsb edir. Öz nitqində Türkiyə və Azərbaycan arasında hər sahədəki qardaşlıq münasibətlərinə də toxunan sədr bu əməkdaşlığın həm də mədəni əlaqələrə töhfə verəcəyini qeyd edib.
Çıxış edən Yunus Əmrə İnstitutunun sədri prof. Şərəf Atəş qarşılıqlı əməkdaşlığın hər iki quruma verəcəyi töhfələrindən bəhs edib, Türkcə Yetərlik İmtahanının (TYS) DİM tərəfindən təşkil edilməsinin Azərbaycan vətəndaşlarına yaradacağı imkanları vurğulayıb.
Bundan sonra DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və Yunus Əmrə İnstitutunun sədri prof. Şərəf Atəş tərəfindən qarşılıqlı əməkdaşlıq protokolu imzalanıb. Çıxış edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ərkan Özoral hər iki qurumun nümayəndələrini əməkdaşlıqlarının rəsmiləşməsi münasibətilə təbrik edib, xoş niyyətlərini çatdıraraq Türkiyə - Azərbaycan əlaqələrindən bəhs edib.