Plenar iclasda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanının nəticələrinin regional təhlili, DİM-in yeni layihə və nəşr işləri haqqında təqdimatla çıxış edib.
Plenar iclasın sonunda M.Abbaszadə regiona daxil olan Ağcəbədi, Ağdam, Füzuli, Tərtər, Beyləqan rayonlarının cəbhə xəttində yerləşən, Xocavənd, Laçın rayonlarının məcburi köçkün məktəblərinin, həmçinin Yevlax və Bərdə rayonlarının mərkəzindən uzaqda yerləşən kənd məktəblərinə ümumilikdə 50 (əlli) ümumtəhsil müəssisəsinin kitabxanalarına “Abituriyent” jurnalı redaksiyasının nəşr etdirdiyi məktəb dərslikləri əsasında siniflər üzrə hazırlanmış qiymətləndirmə kitabçalarını hədiyyə olaraq təqdim edib.
Azərbaycan dili fənni üzrə seminarda DİM-in şöbə müdiri Afiqə Batıyeva qəbul imtahanlarının birinci və ikinci mərhələsininin - buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli ilə bağlı, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin müəllimi Saməddin İbrahimov isə buraxılış və qəbul imtahanları proqramı, test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında təqdimatla çıxış edib.
Riyaziyyat fənni üzrə seminarda DİM-in sektor müdiri Aydın Qasımov buraxılış və qəbul imtahanlarında mənimsənmə səviyyəsi yoxlanıla biləcək alt standartlar, proqramlar, tapşırıq nümunələri və qiymətləndirmə meyarları haqqında təqdimatla çıxış edib.
İngilis dili fənni üzrə seminarda Bakı şəhəri 115 nömrəli tam orta məktəbin müəllimi, ingilis dili fənni üzrə elmi-metodiki seminarın rəhbəri Şəhla Musayeva, fransız dili fənni üzrə seminarda ADU-nun professoru, fransız dili fənni üzrə elmi-metodiki seminarın rəhbəri Çəmən Babaxanova, rus dili fənni üzrə seminarda ATMU-nun baş müəllimi, rus dili fənni üzrə ekspert Afət Mürsəliyeva buraxılış imtahanlarında mənimsənmə səviyyəsi yoxlanıla biləcək alt standartlar, proqramlar, tapşırıq nümunələri və qiymətləndirmə meyarları haqqında təqdimatla çıxış edib.
Təqdimatlar ətrafında müzakirələr aparılıb. Seminarlarda müzakirə edilmiş məsələlər haqqında iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Seminarlarda DİM-in otk.az saytında yerləşdirilmiş dərsliklərin tədris vahidləri və mövzuları üzrə sınaqlarda iştirak etmək üçün hədiyyə kuponları paylanmışdır.
25.10.2019-cu il tarixdə DİM-in Bərdə regional bölməsinin Ağcabədi şəhərindəki elmi-metodiki mərkəzində fizika, biologiya və coğrafiya fənləri üzrə seminarlar keçirilib. Seminarlarda Ağcabədi və Laçın rayon məktəblərinin müəllimləri və metodistlər iştirak ediblər.
Öncə DİM-in şöbə müdiri A.Batıyeva fənlər üzrə keçirilən elmi-metodiki seminarlarda müzakirə edilən məsələlər barədə məlumat verdi.
Sonra fənlər üzrə seminarlar fəaliyyətini davam etdirib.
Fizika fənni üzrə Bakı şəhəri 9№-li tam orta məktəbin müəllimi Sona Hacılı, biologiya üzrə BDU-nun doktorantı Eynulla Musayev, coğrafiya fənni üzrə BDU-nun dosenti Nərminə Seyfullayeva 2020-ci il qəbul imtahanları üçün hazırlanmış proqramlar və imtahanlarda tətbiq ediləcək tapşırıq formaları haqqında çıxış ediblər.
Seminarlarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.