22 dekabr 2020-ci il tarixində Dövlət İmtahan Mərkəzi (DİM) və Yunus Əmrə İnstitutu arasında ötən aydan başlayaraq qurulmuş əməkdaşlığın fəaliyyət istiqamətlərinin müzakirə olunduğu və növbəti atılacaq addımların müəyyən edildiyi görüş keçirilib.
Görüşdə Dövlət İmtahan Mərkəzinin Strateji İnkişaf şöbəsinin müdiri Vəli Hüseyn daxil olmaqla DİM-in müvafiq sahələr üzrə əməkdaşları və Yunus Əmrə İnstitunun əcnəbilərə türk dilinin öyrədilməsi və Türkcə Yetərlilik İmtahanı üzrə mütəxəssislərindən ibarət nümayəndə heyəti, Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin müdiri Səlçuk Karakılıç və nümayəndəliyin digər əməkdaşları iştirak ediblər.
Görüşün əsas məqsədi Azərbaycan dili xarici dil kimi imtahanı və əcnəbilər üçün Azərbaycan dilinin tədrisi platformasının yaradılması üçün atılacaq addımların və tapşırıqların müəyyən edilməsi, Azərbaycanda növbəti Türkcə Yetərlilik İmtahanının (TYS) keçiriləcəyi tarix və digər təşkilati məsələləri müzakirə etmək olub.
Onlayn platforma üzərindən həyata keçirilən görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb, Yunus Əmrə İnstitutunun əməkdaşları Türkcə Öyrənmə Platforması və Türkcə Yetərlilik İmtahanının yaradılmasına dair təcrübələrini bölüşüb, növbəti görüşlərin təşkil edilməsinə dair qərarlar alınıb.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi və Yunus Əmrə İnstitutu arasında 25 noyabr 2020-ci il tarixində əməkdaşlıq protokolu imzalanıb. Qarşılıqlı əməkdaşlığın məqsədi əcnəbilərə Azərbaycan dilinin öyrədilməsi məqsədilə dərslik vəsaitləri, onlayn tədris və imtahan platformasının yaradılması, Azərbaycan dili xarici dil kimi imtahanının ərsəyə gətirilməsi, eyni zamanda TYS-nin Azərbaycan ictimaiyyətində tanıdılması, bu imtahanın etibarlı və təhlükəsiz qaydada keçirilməsi üçün texniki infrastrukturun təmin edilməsi olub.