Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Hazırlıq kursları həm əyani, həm də onlayn təşkil edilib. Regional bölmələr (Naxçıvan, Gəncə, Şirvan, Lənkəran, Şəki, Göyçay, Bərdə, Şəmkir, Xaçmaz) üzrə qeydiyyatdan keçmiş iştirakçılar məşğələlərdə onlayn formatda iştirak ediblər.
Hazırlıq kurslarında moderatorlar – Azərbaycan dili fənni üzrə Saməddin İbrahimov, informatika fənni üzrə Fikrət İbiyev buraxılış və qəbul imtahanlarında istifadə olunan tapşırıqların tərtibinə verilən tələblər, o cümlədən, cavabı yazı ilə ifadə olunan tapşırıqlar və onların qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı təqdimatla çıxış ediblər. Təqdimatlar ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Hazırlıq kursları növbəti həftə davam etdiriləcəkdir.