3 noyabr 2025-ci il tarixində Azərbaycan dili fənni üzrə seminarda tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramının müzakirəsi aparılmış və proqram təsdiq edilmişdir. Seminar iştirakçılarının qeyd və təklifləri nəzərə alınaraq proqramda redaktə xarakterli düzəlişlər edilmişdir.
Elə həmin gün informatika fənni üzrə seminarda qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələrinə baxılmışdır. Hər bir tapşırıq müvafiq fənn kurikulumunun təlim nəticələri, məzmun standartlarının tələbləri nəzərə alınmaqla mövzu, məzmun, mürəkkəblik dərəcəsi və relavantlıq kateqoriyası baxımından müzakirə edilmişdir. Tələblərə uyğun gələn tapşırıqlar qəbul edilmişdir.
4 noyabr tarixində kimya fənni üzrə seminarda I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı proqramının müzakirəsi yekunlaşmış və seminar iştirakçılarının ümumi qərarı ilə təsdiq edilmişdir. Müzakirə nəticəsində qeyd edilən təkliflər nəzrə alınaraq proqramda redaktə xarakterli düzəlişlər olunmuşdur
5 noyabr tarixində fizika və rus dili fənləri üzrə seminarlar keçirilmişdir. Fizika fənni üzrə seminarda I və IV ixtisas qruplarının imtahan modelinə uyğun tapşırıq nümunələrinə, rus dili fənnindən seminarda isə ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı modelinə uyğun tapşırıq nümunələrinə baxılmışdır. Hər bir tapşırıq müvafiq fənn kurikulumunun təlim nəticələri, məzmun standartlarının tələbləri nəzərə alınmaqla mövzu, məzmun, mürəkkəblik dərəcəsi və relavantlıq kateqoriyası baxımından müzakirə edilmişdir. Tələblərə uyğun gələn tapşırıqlar qəbul edilmişdir.
6 noyabr tarixində biologiya fənni üzrə seminarda IV ixtisas qrupu üzrə imtahan modelinə uyğun, tarix fənni üzrə üzrə seminarda isə II və III ixtisas qrupları üzrə imtahan modelinə uyğun tapşırıq nümunələrinə baxılıb. Hər bir tapşırığın məzmununun dərsliklərlə uyğunluğu yoxlanılıb və onların aid olduğu bölmə və mürəkkəblik dərəcəsi müəyyən edilib.
7 noyabr tarixində coğrafiya fənni üzrə II və III (TC altqrupu) ixtisas qrupları üzrə imtahan modelinə uyğun tapşırıq nümunələrinə baxılıb. Bir neçə tapşırığın məzmununun dərsliklərlə uyğunluğu yoxlanılıb və onların aid olduğu bölmə və mürəkkəblik dərəcəsi müəyyən edilib. Həmin gün riyaziyyat fənni üzrə seminarda isə tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramının müzakirəsi aparılmış və proqram təsdiq edilmişdir. Seminar iştirakçılarının qeyd və təklifləri nəzərə alınaraq proqramda redaktə xarakterli düzəlişlər edilmişdir.
Müzakirələrdə təsdiq edilmiş ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanı proqramları və imtahan modellərinə uyğun tapşırıq nümunələri “Abituriyent” jurnalının xüsusi buraxılışlarında, ali təhsil müəssisələrinə qəbul imtahanı proqramları və imtahan modellərinə uyğun tapşırıq nümunələri isə “Abituriyent” jurnalının 1-ci sayında dərc ediləcəkdir.
Seminarlarda orta ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və Azərbaycan Milli Elmlər Akademiyasının Elm və Təhsil Nazirliyinin tabeliyində olan institutlarının müvafiq fənlər üzrə mütəxəssisləri iştirak ediblər. Eyni zamanda DİM-in regional bölmələri (Naxçıvan, Gəncə, Şirvan, Lənkəran, Şəki, Bərdə, Xaçmaz, Şəmkir, Göyçay) ilə onlayn bağlantı vasitəsilə həmin bölgələrdəki müəllimlər də müzakirələrə qoşulublar.
Seminarlara DİM-in regional bölmələrindən onlayn rejimdə qoşulmuş müəllimlər: Azərbaycan dili fənni üzrə Qazax rayonu 2 nömrəli tam orta məktəbin müəllimi Məmmədova Afaq, kimya fənni üzrə Şəki rayonu Qoxmux kənd tam orta məktəbinin müəllimi Dadaşov Cavanşir, fizika fənni üzrə Şəki rayonu Baş Zəyzid kənd tam orta məktəbin müəllimi Həmidov İbrahim, biologiya fənni üzrə Naxçıvan şəhəri 2 nömrəli tam orta məktəbin müəllimi Abbasova Nailə, Göygöl rayonu 1 nömrəli tam orta məktəbin müəllimi Quliyev Məğrur, tarix fənni üzrə Daşkəsən rayonu Əmirvar kənd tam orta məktəbinin müəllimi Həmzəyeva Natavan, Astara şəhəri 1 nömrəli tam orta məktəbin müəllimi Məlikzadə Gülnar, coğrafiya fənni üzrə Gəncə şəhəri 27 nömrəli tam orta məktəbin müəllimi Zeynalova Nərgiz, riyaziyyat fənni üzrə Naxçıvan şəhəri 9 nömrəli tam orta məktəbin müəllimi Vəliyeva Gülnar, Ordubad rayonu 3 nömrəli orta məktəbin müəllimi Əliyeva Əfsanə, Naxçıvan şəhəri Qızlar liseyinin müəllimi Novruzova Kəmalə müzakirələrdə aktiv iştirak edib, müzakirə edilən məsələlər baradə öz fikirlərini bildiriblər.
Seminar iştirakçıları xalqımızı 8 noyabr – Zəfər Günü münasibəti ilə təbrik edir, şəhidlərimizə rəhmət diləyir, qazilərimizə can sağlığı arzulayırlar. Allah Ali Baş Komandan başda olmaqla, möhtəşəm ordumuzu və xalqımızı qorusun.
Müzakirələr növbəti həftə davam etdiriləcəkdir.