2022-ci il fevralın 20-də keçirilmiş magistratura səviyyəsinə qəbul imtahanında ən yüksək nəticə göstərən 25 bakalavr 2022-ci il 4 mart tarixində Dövlət İmtahan Mərkəzinin (DİM) Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən yeni inzibati binasında təşkil edilən “Açıq qapı” gününə dəvət olunub. 2 bakalavr görüşə DİM-in “Facebook” səhifəsi vasitəsilə canlı yayımla qoşulub.
Qeyd edək ki, tədbirə dəvət edilmiş bakalavrların imtahan nəticələri 93-98 bal aralığında, onların oxuduqları ali təhsil müəssisələri üzrə bölgüsü isə aşağıdakı şəkildə olub:
- Azərbaycan Dövlət İqtisad Universiteti – 9 nəfər;
- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası – 7 nəfər;
- Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – 3 nəfər;
- Bakı Ali Neft Məktəbi – 2 nəfər;
- Bakı Mühəndislik Universiteti – 1 nəfər;
- Bakı Dövlət Universiteti – 1 nəfər;
- Xəzər Universiteti – 1 nəfər.
Tədbirdən əvvəl bakalavrlar DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə tanış olublar. İştirakçılara milli qiymətləndirmə sisteminin yaradılması və keçdiyi inkişaf yolu barəsində məlumat verilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbir zamanı DİM-in struktur bölmələrinin əməkdaşları mərkəzin fəaliyyət istiqamətləri, dövlət qulluğuna qəbul şərtləri, qapalı şəraitdə imtahan materiallarının hazırlanma prinsipləri, DİM tərəfindən keçirilən beynəlxalq imtahanlar, sınaq imtahanları platforması otk.az və e-psixoloq.az internet səhifəsinin imkanları haqqında təqdimatlar edərək DİM-də görülən işlər və xidmətlərlə iştirakçıları tanış ediblər.
DİM-in struktur bölmələrinin rəhbərləri qəbul imtahanında yüksək nəticə göstərmiş bakalavrları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və digər məsələlər barəsində məlumat, tövsiyələr veriblər və bakalavarları maraqlandıran sualları cavablandırıblar.
Qeyd edək ki, DİM tərəfindən yüksək nəticə göstərən bakalavrlara hədiyyə olaraq mərkəzin Korporativ məlumat kitabı və dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinə hazırlaşanlara elmi-metodik köməklik məqsədi ilə tərtib olunmuş “500 test tapşırığı” tapşırıqlar toplusu təqdim edilib.
Tədbir COVID-19 pandemiyası ilə əlaqədar karantin dövründə qapalı məkanlarda kütləvi tədbirlərin keçirilməsi qaydaları nəzərə alınmaqla və iştirakçıların sağlamlığını qorumaq üçün zəruri tədbirlər görülməklə keçirilib.