2021-ci il 14 dekabr tarixində keçirilən görüşdə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, sədr müavini Namiq Babayev, Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin Bakı nümayəndəliyinin (РИКЦ) rəhbəri İrek Zinnurov və müavini Aleksandr Kalamin iştirak ediblər.
Görüşdən öncə qonaqlara DİM-in muzeyində Azərbaycanda milli qiymətləndirmə sisteminin yaradılmasından bu günə qədər görülən işlərə aid ekspozisiya təqdim olunub.
Daha sonra DİM-in kitabxanasında bir sıra nəşrlər nümayiş etdirilib və iki qurumun rəhbər şəxsləri arasında müzakirələr aparılıb. DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə son illər Azərbaycan Respublikası və Rusiya Federasiyasının müvafiq qurumları arasında təhsilin qiymətləndirilməsi və elmi-tədqiqat işlərinin aparılması istiqamətində bir sıra nailiyyətlərin əldə edilməsini qeyd edib. Qonaqlara DİM tərəfindən aparılan təhlillər üzrə ətraflı məlumat verilib, müxtəlif tədris illəri üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlilinə həsr olunmuş “Abituriyent 12” jurnalı nümayiş etdirilib. Sədr qonaqlara 2020/2021-ci tədris ilində rus bölməsi üzrə imtahan verən abituriyentlərin göstəriciləri barədə statistik məlumatlar təqdim edib.
Tərəflər aşağıdakı istiqamətlər üzrə müzakirə aparıblar:
- Ölkə kvotası daxilində Rusiya Federasiyasına tələbə qəbulu üzrə seçim komissiyasında DİM-in iştirakı;
- DİM tərəfindən təşkil edilən Rus dili xarici dil kimi (ТРКИ) imtahanlarına hazırlığın və təbliğatın artırılması üçün РИКЦ-də ТРКИ hazırlıq mərkəzinin yaradılması;
- Rusiya Federasiyasının ali təhsil müəssisələrinə qəbul haqqında birgə illik məlumat sessiyanın keçirilməsi;
- DİM ilə əməkdaşlıq edən tədris dili rus dili olan təhsil müəssisələrinin müəllimlərinin peşəkar inkişaf yönümlü təlimlərə qoşulması üçün imkanların yaradılması və s. məsələlər.
РИКЦ-in rəhbəri DİM və РИКЦ arasında əlaqələrin dərinləşdirilməsinə dair müsbət fikir bildirərək, potensial əməkdaşlıq istiqamətlərinə dair təkliflər irəli sürüb. Rəhbər təhsilin qiymətləndirilməsi sahəsində iki ölkə arasında müvafiq qurumlar ilə əlaqələrin yaradılmasına xüsusi önəm verdiyini bildirərək, РИКЦ-in bu istiqamətdə DİM-ə dəstək göstərməsinə hazır olduğunu qeyd edib.
Görüşün sonunda tərəflər arasında əməkdaşlığa dair yol xəritəsinin hazırlanmasının vacibliyi vurğulanıb.