20 mart 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov Amerika Birləşmiş Ştatlarının Florida ştatının Ceksonvill şəhərində Amerika Dövlət İdarəçiliyi Cəmiyyətinin (American Society for Public Administration, ASPA) illik konfransı çərçivəsində Dövlət Qulluğu üzrə Astana Regional Xab (Xab) tərəfindən “Transformasiyada müxtəliflik: postsovet ölkələrində dövlət idarəçiliyi” mövzusunda təşkil edilmiş panel sessiyada çıxış edib.
Panel sessiyanın əsas məqsədi postsovet ölkələrinin dövlət idarəçiliyi sistemində son 30 il ərzində baş vermiş transformasiya proseslərini və onların müxtəlifliyinin xarakterini təhlil etmək, habelə dövlətlərin üzləşdiyi çətinlikləri müəyyən etmək və onların inkişaf istiqamətində həyata keçirəcəyi tədbirləri müzakirə etmək olub. Bundan əlavə, bu panel sessiya postsovet ölkələrinin dövlət orqanlarının potensialının artırılması, səmərəli, vətəndaş yönümlü və davamlı dövlət idarəetmə sisteminin qurulması və adekvat hüquqi və institusional çərçivələrin qəbul edilməsi mərhələsində əldə edilmiş təcrübələrin nümayişi məqsədini daşıyıb.
Tədbirdə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Latviyadan olan dövlət orqanlarının ekspertləri, həmçinin ASPA-nın sədri və üzv dövlətlərinin nümayəndələri iştirak ediblər.
Dəvət olunmuş məruzəçilər postsovet ölkələrində dövlət idarəçiliyinin transformasiyası üzrə öz ölkələrinin təcrübələrini və perspektivlərini təqdim edib, dövlət idarəçiliyinin potensialının və səmərəliliyinin artırılması ilə bağlı tövsiyələrini veriblər.
Panel sessiyada Bəhram Xəlilov “Azərbaycanda dövlət idarəçiliyin modernləşdirilməsi və dövlət qulluğu islahatları” adlı təqdimatla çıxış edib. O, öz nitqində DİM-in əsas funksiyalarından biri - yüksək bacarıq və keyfiyyətlərə malik şəxslərin dövlət qulluğuna mərkəzləşdirilmiş və şəffaf şəkildə qəbulunun həyata keçirilməsi ilə bağlı tədbir iştirakçılarına məlumat verib. Həmçinin, B. Xəlilov dövlət qulluğu sahəsinin təkmilləşdirilməsi üçün əsas olan “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”da öz əksini tapmış inkişaf istiqamətləri barədə danışıb.
Eyni zamanda, Bəhram Xəlilov 2022-ci il 24 mart tarixində Nyu-York şəhərində Qazaxıstan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyinin binasında Xab tərəfindən keçirilmiş “15 postsovet ölkəsində dövlət qulluğunun inkişafı” adlı kitabın təqdimat mərasimində iştirak edib. Qeyd edək ki, nəşrdə DİM-in Direktorlar Şurası sədrinin müavini tərəfindən yazılmış “Azərbaycan Respublikasında dövlət qulluğu islahatı” adlı məqaləsinə də yer verilib.
Təqdimat mərasimində Birləşmiş Millətlər Təşkilatı baş katibinin müavini, BMT-nin Beynəlxalq Dövlət Qulluğu Komissiyasının sədri Larbi Cakta, Beynəlxalq Dövlət Qulluğu Komissiyasının üzvü Pan Suk Kim və Qazaxıstan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyinin səfiri Mağjan İlyassov da iştirak ediblər.
Kitab 15 postsovet ölkəsinin müstəqillik günündən bu zamana qədər dövlət qulluğu sistemində inkişafı barədə unikal tədqiqat hesab edilir. Bu kitabın nəşri 15 ölkədən dövlət idarəçiliyi və dövlət qulluğu islahatları sahəsində birbaşa təcrübəyə malik 25 mütəxəssisin iki illik əməkdaşlığının nəticəsidir.
Daha ətraflı məlumat üçün: https://dim.gov.az/news/8000/?sphrase_id=1145741
Xatırladaq ki, Astana Dövlət Qulluğu üzrə Regional Xab dövlət qulluğu sahəsindəki yenilikləri müzakirə etmək və qabaqcıl təcrübəni bölüşmək üçün dünyanın 42 ölkəsinin müvafiq qurumlarını birləşdirən vahid platformadır.