Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 15 dekabr 2021-ci il tarixində ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələrini - ictimai məsələlər üzrə səfirin müşaviri Geoffrey Anisman, mədəniyyət məsələləri üzrə məsul şəxs Richard Pinkham və təhsil mütəxəssisi Raminə Mürşüdovanı qəbul edib.
Görüşdə tərəflər arasında ABŞ səfirliyinin “English Language Specialist” proqramı çərçivəsində həyata keçirilən “Xarici dil (ingilis dili) üzrə fənn kurikulumu, dərslikləri və qiymətləndirmə alətlərinin təkmilləşdirilməsinə dəstək” layihəsinin hazırkı icrasına dair əldə olunmuş nəticələr, yeni tədqiqat yönümlü birgə layihələr, DİM-də keçirilən beynəlxalq imtahanlar və digər əməkdaşlıq perspektivləri müzakirə edilib.
Görüşdə DİM-in Direktorlar Şurasının sədrinin müavini Namiq Babayev və mərkəzin Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn də iştirak ediblər və əməkdaşlığa dair fikirlərini bölüşüblər.
Görüş zamanı qonaqlar DİM-in milli qiymətləndirmə üzrə tarixi əks etdirən muzeyi ilə tanış olublar və onlara milli qiymətləndirmə sisteminin yaradıldığı dövrdən indiyə qədər aparılan işlərə dair məlumat verilib. DİM tərəfindən hazırlanmış kitablar, dövri nəşrlər, metodiki vəsaitlər və regionlar üzrə abituriyentlərin imtahan nəticələri, həmçinin gender üzrə bölgüsü də qonaqlara nümayiş etdirilib.