2 aprel 2024-cü il tarixində ADA Universitetində "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı" çərçivəsində dünyanın qabaqcıl ali təhsil müəssisələrində təhsilini başa vuran məzunlarla görüş və karyera sərgisi keçirilib.
Tədbirin keçirilməsində məqsəd Xaricdə Təhsil üzrə Dövlət Proqramı məzunlarının ixtisasyönümlü məşğulluğunun təmin olunması və əmək bazarına çıxışının dəstəklənməsi olub.
Sərgidən öncə Dövlət Proqramı məzunlarına dair məlumat sessiyası təşkil olunub.
Məlumat sessiyasında Dövlət İmtahan Mərkəzinin Vəzifələrin idarəedilməsi və ehtiyat kadrlarla iş sektorunun müdiri Rüfət Ağayev dövlət qulluğuna qəbul qaydaları, o cümlədən Xaricdə Təhsil üzrə Dövlət Proqramı məzunlarının dövlət qulluğuna qəbulu, dövlət qulluğunun perspektivləri haqqında danışıb və iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Daha sonra təşkil olunan karyera sərgisində isə dövlət orqanlarında mövcud olan vakant vəzifələr haqqında iştirakçılara məlumat verilib və qiymətləndirmək üçün onların məlumatları toplanılıb.
Qeyd edək ki, sərgidə müxtəlif dövlət qurumları, yerli şirkətlər və Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin nümayəndələri iştirak ediblər.