2021-ci il dekabrın 10-da Dövlət İmtahan Mərkəzində ulu öndər, Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin DİM-in binasında yerləşən büstü ziyarət olunub. İştirakçılar ulu öndərin büstü önünə gül dəstələri qoyublar.
Tədbir ulu öndər H.Əliyevin və dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Anım mərasimində çıxış edən DİM-in Direktorlar Şurasının sədri M.Abbaszadə iştirakçılara ümummilli liderimizin çoxcəhətli fəaliyyətindən, Azərbaycan xalqına göstərdiyi xidmətlər içərisində onun təhsil və mütəxəssis hazırlığına göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb. Sədr qeyd edib ki: “H.Əliyev 1970-ci ildə Azərbaycan gənclərinin keçmiş Sovet İttifaqının ən nüfuzlu ali məktəblərində oxumağa göndərilməsinin əsasını qoydu. Respublikamızda xüsusi ehtiyac olan ixtisaslara yiyələnən o dövrkü gənclərimizin indi müstəqil dövlətimizin təhsil, elm, iqtisadiyyat və mədəniyyət sahələrində tanınmış mütəxəssislər kimi fəaliyyətini görəndə Heydər Əliyev uzaqgörənliyinə heyran qalırsan”.
Daha sonra çıxış edən, 1970-ci illərdə xaricdə oxumağa göndərilən tələbələrdən biri olan və hazırda Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov 1979-cu və 2000‑ci illərdə Heydər Əliyevlə olan görüşlərindən danışıb və öz xoş təəssüratlarını bölüşüb. Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərini vurğulayan V.Misirov: “Bəli, bilavasitə Heydər Əliyevin təşəbbüsü və təşkilatçılığı nəticəsində o vaxt təhsil, elm və mütəxəssis hazırlığı sahəsində respublikamız üçün tarixi nailiyyət əldə edildi. Hazırda 40-45 il əvvəlki dövrü xatırlayaraq düşünürəm ki, ola bilsin, bu müdrik insan hələ 70‑ci illərdə bugünkü müstəqilliyimizi görürmüş. Ona görə də gələcək müstəqil Azərbaycan üçün lazımi kadr ehtiyatı görməyə çalışırmış” deyə qeyd edib.
Tədbirdə çıxış edən kollektivin digər üzvü Nəzrin Kərimova ümummilli liderimizin təhsil sahəsindəki fəaliyyətindən, onun tələbə qəbulu qaydaları, o vaxtkı TQDK-nın işini tənzimləyən fərman və sərəncamları haqqında məlumat verib.
Bu gün, həmçinin Mərkəzin gənc əməkdaşlarına DİM-də yerləşən, milli qiymətləndirmə üzrə tarixi əks etdirən muzeydə Heydər Əliyevin Azərbaycanda təhsilin inkişafı ilə bağlı gördüyü işlər, onun tərəfindən qəbul edilən tarixi əhəmiyyətli qərarlar barədə məlumat verilib, ulu öndərin iştirakı ilə hər yeni tədris ilinin əvvəlində ali məktəblərə yüksək balla qəbul olunan tələbələrlə keçirilən görüşlərdən video və foto materiallar nümayiş etdirilib.
Qeyd edək ki, DİM kollektivi dekabrın 12-də Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edəcək.