Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilən “Gənc psixometrik” təcrübə proqramı çərçivəsində növbəti görüş baş tutub. Görüş zamanı Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərlə iş şöbəsinin müdiri Aydın Qasımov “Azərbaycan Respublikasında buraxılış və qəbul imtahanlarında yazı işlərinin qiymətləndirilməsi texnologiyası” mövzusunda təqdimatla çıxış edib.
Təqdimat zamanı imtahanların təşkili prosesi, yazı işlərinin qiymətləndirilməsində tətbiq olunan meyarlar, markerlərin fəaliyyət prinsipləri və onların işinin təşkilinə dair ətraflı məlumat verilib. Təcrübəçilər həmçinin qiymətləndirmə prosesində obyektivliyin və etibarlılığın təmin olunması istiqamətində həyata keçirilən metodlar və istifadə olunan “Onlayn Marker Sistemi” ilə tanış olublar. Sonda iştirakçıların sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Daha sonra iştirakçılar Dövlət İmtahan Mərkəzinin nəzdində fəaliyyət göstərən və ölkəmizdə milli qiymətləndirmə sisteminin inkişaf tarixini əks etdirən muzeyi ziyarət ediblər. Muzey eksponatları vasitəsilə Azərbaycanda qiymətləndirmə sahəsində baş vermiş əsas mərhələlər və yeniliklər barədə məlumat əldə ediblər.
Daha sonra iştirakçılar imtahan materiallarının avtomatlaşdırılmış çapı prosesi və müasir texnologiyalar ilə tanış olublar.
Bu kimi tədbirlər gənclərin qiymətləndirmə sahəsində həm nəzəri, həm də praktiki biliklərini artırmaqla, onların psixometriya üzrə peşəkar inkişafına mühüm töhfə verir.