23 may 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar mətbuat konfransı keçirib.
Sədr qeyd edib ki, bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçən abituriyentlərin sayı 130 mindən artıqdır. Ötən illə müqayisədə ərizələrin sayında təqribən 12 min artım var. Bu ilk növbədə 2025-ci ildə məzun olan abituriyentlərin sayının çoxluğu ilə bağlıdır. Bu il buraxılış imtahanlarında 119 mindən çox şagird iştirak edib.
|
2024-cü il |
2025-ci il |
Fərq |
Ali təhsil müəssisələrinə ərizə qəbulu sayı |
118503 |
130641 |
+12138 |
Buraxılış imtahanlarında iştirakçı sayı |
107586 |
119296 |
+11710 |
Bu həftəsonu keçiriləcək II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında 54246, iyunun 1-də keçiriləcək I və IV ixtisas qrupları üzrə imtahanlarda isə 37692 abituriyentin iştirakı nəzərdə tutulur. Bu mərhələdə də ötən illə müqayisədə təqribən 7 min çox imtahan iştirakçısı var.
İmtahan keçirilən şəhər və rayonlara toxunan sədr onların sayının daim artırılmasına diqqət yetirildiyini söyləyib. “2012-ci ildən etibarən keçirilən buraxılış imtahanları bütün şəhər və rayonlarda təşkil olunur. Qəbul imtahanları isə lap əvvəllər Bakı və Naxçıvanda, daha sonra DİM-in regional bölmələrinin yerləşdiyi digər böyük şəhərlərdə, hazırda isə respublikamızın 24 şəhər və rayonunda keçirilir. Sevindirici haldır ki, Dövlət İmtahan Mərkəzi artıq Xankəndi şəhərində də qəbul imtahanları keçirəcək. Bu işğaldan azad edilmiş bölgələrdə keçirilən ilk qəbul imtahanıdır. Artıq işğaldan azad olunmuş bölgələrdə yaşayan abituriyentlər öz doğma torpaqlarında imtahan verirlər” – deyə sədr bildirib.
Ötən ildən etibarən tələbə qəbulu aparılan Qarabağ Universiteti haqqında məlumat verən M.Abbaszadə 2025-ci ildə bu təhsil müəssisəsi üzrə qəbul planının 28.5% artırılaraq 1440 yerə çatdırılmasının regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.
2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu planı haqqında məlumat verən sədr ümumilikdə 60489 plan yerinin ayrıldığını qeyd edib. Cədvəldən də göründüyü kimi, ötən illə müqayisədə plan yerləri 2.21% (1309 yer) artırılıb.
2024-cü il |
2025-ci il |
Fərq |
Fərq faizlə |
||
I |
19990 |
I |
20445 |
455 |
2.28 |
II |
14550 |
II |
14935 |
385 |
2.65 |
III |
15459 |
III |
15583 |
124 |
0.80 |
IV |
4618 |
IV |
4732 |
114 |
2.47 |
V |
4563 |
V |
4794 |
231 |
5.06 |
Cəmi |
59180 |
Cəmi |
60489 |
1309 |
2.21 |
Plan yerlərinin 28401-i dövlət sifarişlidir. Dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə 2.04% və ya 568 yer artıb.
Orta ixtisas təhsili müəssisələrinə qəbul planı və ötən illə müqayisəsi isə aşağıdakı kimidir:
|
2024-cü il |
2025-ci il |
Fərq |
%-lə |
Tam orta təhsil bazasında (11 illik) |
12387 |
15874 |
3487 |
28.15 |
Ümumi orta təhsil bazasında (9 illik) |
10930 |
8144 |
-2786 |
-25.49 |
Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərində hər hansı dəyişiklik nəzərdə tutulmur və ötən illərdə olduğu kimi, ümumi 200, imtahanın ikinci mərhələsində 100 (bəzi ixtisaslar üzrə ümumi 150 və ikinci mərhələ üçün 50) bal toplayanlar ixtisas seçimində iştirak edə biləcəklər.
Bu il keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları haqqında danışan sədr ötən illə müqayisədə nəticələrin bir-birinə demək olar ki, uyğun olduğunu vurğulayıb. 2025-ci ildə imtahanda iştirak edən orta statistik şagirdin balı 132.33, 2024-cü ildə isə 132.09 olub. Qeyd edək ki, bu mərhələdə toplanıla biləcək maksimal bal 300-dür.
Tədbirdə gələcək imtahan iştirakçılarının davranış qaydalarına da xüsusi diqqət yetirmələri ilə bağlı çağırış edilib. Bir daha imtahan iştirakçılarının nəzərinə çatdırılıb ki, qayda pozuntularına yol verən şəxslərin bütün nəticələri ləğv olunur və onlar ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək şanslarını itirirlər. Yəni, qayda pozuntusuna yol verənlər qəbul imtahanlarının ikinci cəhdinə də buraxılmırlar, həmçinin onlar birinci mərhələnin (buraxılış imtahanının) nəticəsinə əsasən V ixtisas qrupunun müsabiqəsində iştirak hüququnu itirirlər.
Sonda Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilən müxtəlif layihələr haqqında məlumat verilib.
Qeyd edək ki, hazırda buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə materiallarının işlənməsi, ekspertizası və yoxlanılması ilə bağlı müəllif, ekspert və marker hazırlığı kurslarında iştirakla bağlı qeydiyyat davam edir. 2017-ci ildən etibarən 178 kurs təşkil olunub və indiyə qədər 3175 nəfər sertifikat alaraq Mərkəzin elektron “Məlumat bazası”na daxil edilib.
Bundan əlavə, hər il imtahanların təşkilində nəzarətçi qismində iştirak etmək istəyən şəxslərin sertifikatlaşdırılma prosesi həyata keçirilir. 2019-cu ildən başlayan bu prosesdə 5900 nəfər uğur qazanıb müvafiq sertifikat alıb. Yeni tədris ilinin əvvəlində növbəti qeydiyyat prosesinə start veriləcək.
Hazırda isə təhsilin qiymətləndirilməsi sahəsində gənc mütəxəssislər bazasının formalaşdırılması məqsədilə elan edilən “Gənc psixometrik” təcrübə proqramının iştirakçıları ilə təlimlər həyata keçirilir.
Eyni zamanda gənclərin peşəkar vərdişlərinin formalaşmasına dəstək vermək, onları Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə yaxından tanış etmək və gələcəkdə karyera planlamasına təkan vermək məqsədilə həyata keçirilən könüllülər layihəsi də uğurla davam etdirilir.
DİM fəaliyyəti boyunca keçirdiyi imtahanların bütün mərhələlərində təhsil ictimaiyyətinin qəbul prosesinin idarə olunmasında iştirakına, bu sahəyə ictimai nəzarətin təşkilinə, ictimaiyyətin hərtərəfli məlumatlandırılmasına, qəbul prosesinin şəffaflığının təmin edilməsinə böyük önəm verib. Odur ki, həyata keçirilən tədbirlərdə ictimaiyyətin daha fəal olması ümumi işimizin xeyrinə olardı.