Jurnalının 4-cü sayına dövlət qulluğuna qəbul üzrə müsabiqəyə hazırlaşanlar, eyni zamanda ictimaiyyətin bu sahəyə marağı olan nümayəndələri üçün bir sıra mühüm elmi-metodik və digər zəruri materiallar daxil edilmişdir.
Jurnalda Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğuna qəbulla bağlı keçirilmiş test imtahanlarında yoxlanılan bilik sahələri – Azərbaycan dili, qanunvericilik, informasiya texnologiyaları və məntiqi təfəkkürün yoxlanılması üzrə düzgün cavablandırılma göstəricisi aşağı olan test tapşırıqlarının bir qisminin düzgün cavablandırılması üçün izah və tövsiyələrin əks olunduğu material dərc olunmuşdur.
“Dövlət qulluğu” №4 jurnalında dərc olunan materiallardan biri də “Müsahibədə iştirak edən namizədlərə tövsiyələr”dir. Dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibələrdə əldə edilən təcrübəyə əsasən, demək olar ki, bir çox hallarda namizədlərin müsahibə mərhələsində uğur qazana bilməmələrinin əsas səbəblərindən biri onların vəzifə seçimi edərkən, müsahibəyə hazırlaşarkən və bilavasitə müsahibə zamanı bəzi səhvlərə yol vermələridir. Bu sahədə namizədlərə kömək məqsədi ilə DİM tərəfindən namizədlərin tez-tez yol verdikləri səhvlərin qarşısını alacaq 15 bənddən ibarət tövsiyələr hazırlanmışdır. Dövlət qulluğuna qəbul üzrə keçirilən müsahibələrin nəticələrinin DİM tərəfindən aparılan elmi-statistik təhlili əsasında hazırlanmış bu tövsiyələr vəzifələrin düzgün seçilməsi, seçim zamanı vakant vəzifələrin say çoxluğuna və təsadüfiliyə deyil, namizədlər üçün prioritet olan vəzifələrə üstünlük verilməsi, müsahibəyə hazırlıq, eyni zamanda müsahibə zamanı namizədin uğur qazanmasına səbəb ola bilən amilləri və digər zəruri məsələləri əhatə edir. Hesab edirik ki, müsahibə mərhələsindən uğurla keçməyə köməklik məqsədi ilə hazırlanmış bu metodik tövsiyələr onlar üçün faydalı olacaqdır.
Jurnalda namizədlərin marağına səbəb olacaq daha bir material – dövlət qulluğuna qəbul üzrə müsabiqənin müsahibə mərhələsində uğur qazanmış namizədlərin adlı siyahısı dərc olunmuşdur.
“Dövlət qulluğu” jurnalının bu sayında dərc olunan qanunvericilik bazasına aid normativ aktlar, statistik göstəricilər və statistik təhlillər, habelə digər məlumatlar və maarifləndirici materiallar da dövlət qulluğuna işə qəbul olmaq istəyən və ictimaiyyətin bu sahə ilə maraqlanan geniş auditoriyası üçün nəzərdə tutulmuşdur.
Jurnalın MÜNDƏRİCATI
Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:
- Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M.
- Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.