İyulun 20-də Dövlət İmtahan Mərkəzi Bakı və Naxçıvan şəhərlərində dövlət qulluğu vəzifələrinin A və B növünə aid vəzifə qrupları üzrə test imtahanı keçirib.
İmtahanlar saat 11:00 və 16:00 olmaqla iki növbədə kompüterlər vasitəsilə 3 saat müddətində aparılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr həmçinin gün ərzində DİM-in saytına da yerləşdiriləcək.
İmtahanda ümumilikdə 1530 nəfər iştirak edib. İmtahanın nəticələrinə əsasən, AB3 altqrupu üzrə 1 nəfər, AB4 altqrupu üzrə 2 nəfər, AC1 altqrupu üzrə 15 nəfər, AC2 altqrupu üzrə 21 nəfər, AC3 altqrupu üzrə 48 nəfər, AC4 altqrupu üzrə 85 nəfər, BA1 altqrupu üzrə 3 nəfər, BA2 altqrupu üzrə 5 nəfər, BA3 altqrupu üzrə 17 nəfər, BA4 altqrupu üzrə 17 nəfər, BB1 altqrupu üzrə 38 nəfər, BB2 altqrupu üzrə 71 nəfər, BB3 altqrupu üzrə 104 nəfər, BB4 altqrupu üzrə 109 nəfər olmaqla, ümumilikdə 536 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikatı əldə etmək üçün iyulun 21-dən avqustun 1-dək DİM-in portalında müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:
• ali təhsil haqqında sənədin surəti;
• əmək kitabçasının surəti (olduğu halda).
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.
İmtahanların nəticələri ilə bağlı Apellyasiya Komissiyası 21 – 23 iyul tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50.