Məlum olduğu kimi, cari ildən etibarən Azərbaycan Respublikasının sığorta qanunvericiliyinə uyğun olaraq Dövlət İmtahan Mərkəzinin müstəqil ekspert sertifikatlarının verilməsi məqsədilə imtahanlar keçirməsi nəzərdə tutulur.
Bununla əlaqədar imtahanların keçirilməsinə hazırlıq işlərinə başlanılıb, müstəqil ekspert fəaliyyətinin həyata keçirildiyi bəzi sahələr üzrə imtahan proqramlarının layihəsi hazırlanıb.
22 may 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzində əmlak sığortası sahəsi üzrə müstəqil ekspert sertifikatının verilməsi məqsədilə keçiriləcək imtahanın proqram layihəsini müzakirə etmək üçün sahə üzrə mütəxəssislərin iştirakı ilə seminar təşkil olunub. Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsinin Funksional səriştələrin qiymətləndirilməsi sektorunun müdiri Süraya Cəfərova hazırlanmış proqram layihəsini seminar iştirakçılarına təqdim edib, mövzular ətrafında sığorta mütəxəssislərinin fikirləri dinlənilib.
Növbəti seminarda avtomobil sığortası üzrə müstəqil ekspert sertifikatının verilməsi məqsədilə keçiriləcək imtahanın proqram layihəsi müzakirə ediləcək.