30 may 2025-ci il tarixində ADA Universitetinin Qazax Mərkəzində “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üzrə Strategiya”nın 2023-2025-ci illərdə icrası üzrə Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının təmin edilməsi, dövlət qulluğunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə gənclərin maarifləndirməsi və onların dövlət qulluğuna marağının artırılması məqsədilə tələbə və gənclərin iştirakı ilə “Gənclərin dövlət qulluğu sahəsində biliklərinin artırılması” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Gülgəz Tağıyeva, Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin müdiri Elnur Abbasov, ADA Universitetinin Qazax Mərkəzinin əməkdaşı Yeganə Göyüşlü, Bakı Dövlət Universitetinin Qazax filialının direktor müavini Məmməd Yusifov, Gənclər və İdman Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinin sektor müdirləri Ağahüseyn Hüseynov və Şahmar Tağıyev, ADA Universitetinin Qazax Mərkəzinin, Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri və gənclər iştirak ediblər.
Tədbirdə gənclərə dövlət qulluğuna qəbul mexanizmləri, dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti, dövlət qulluqçusu anlayışı, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən gənclərin dövlət qulluğuna qəbulu istiqamətində görülən işlər, dövlət qulluğu sahəsində elektron xidmətlər, dövlət qulluqçusunun əsas vəzifələri və hüquqları, dövlət qulluqçuları üçün təminatlar, qulluqda fəaliyyətin davam etdirilməsi şərtləri, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi istiqamətində görülən işlərə dair təqdimatlar edilib.
Daha sonra gəncləri maraqlandıran suallar cavablandırılıb.