Dövlət İmtahan Mərkəzi tərəfindən 20 iyul 2025-ci il tarixində dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC altqruplarına və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB altqruplarına uyğun vəzifələr üzrə test imtahanları keçiriləcək.
İmtahanlar saat 11:00-da və 16:00-da başlanır. Müvafiq olaraq saat 10:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. Namizədlərin imtahana buraxılış vərəqələrində imtahan yeri, vaxtı, binası, imtahana gəlməli olan saat və digər zəruri məlumatlar göstərilib.
İmtahana qeydiyyat 2025-ci il iyunun 24-dən iyulun 10-dək aparılıb və bu müddət ərzində 1627 namizəd ərizə təqdim edib.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əsli;
- “İmtahana buraxılış vərəqəsi".
İmtahan elektron formada kompüterlər vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 2 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 19 imtahan rəhbəri, 106 nəzarətçi və 9 buraxılış rejimi əməkdaşı ayrılıb.