Görüş 7 may 2026-cı il tarixində onlayn formatda keçirilib.
Görüşdə Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun Ukrayna və Qafqaz üzrə biznesin inkişafı üzrə baş meneceri Darina Sizuk, DİM-in nümayəndələri və tədris mərkəzlərinin rəhbərləri iştirak ediblər. Görüş zamanı tədris mərkəzləri ilə uzunmüddətli əməkdaşlıq perspektivləri, həmçinin Kembric kvalifikasiyaları üzrə məlumatlılığın artırılması istiqamətində müzakirələr aparılıb.
DİM-in əməkdaşı, Kembric imtahanı üzrə menecer Elnarə Tağıyeva Kembric kvalifikasiyaları istiqamətində tədris mərkəzləri ilə həyata keçirilən əməkdaşlığın ölkə səviyyəsində ingilis dili üzrə bilik və bacarıqların inkişafına mühüm töhfə verəcəyini qeyd edib. Tədbirə onlayn qoşulan Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun nümayəndəsi Kembric Hazırlıq Mərkəzləri ailəsinin genişlənməsinin şagirdlər, müəllimlər və məktəblər üçün faydalı ola biləcəyini iştirakçıların diqqətinə çatdırıb.
Qeyd edək ki, Kembric İngilis Dili Kvalifikasiyaları üzrə test mərkəzi olan DİM tərəfindən ingilis dilini tədris edən müəllim heyətinin peşəkarlığının artırılması və öyrənənlərin ingilis dili bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə tədris mərkəzlərinə müqavilə əsasında Kembric İngilis Dili Kvalifikasiyaları üzrə rəsmi Hazırlıq Mərkəzi statusu verilib. Hazırlıq Mərkəzləri müəllim heyəti, tələbələr və digər maraqlı tərəflər arasında Kembric İngilis Dili Kvalifikasiyalarının təşviqi və təşkili ilə bağlı məsələlərin icrasını həyata keçirirlər.
Ölkəmizdə ingilis dilini tədris edən pedaqoji heyətin və şagirdlərin müvafiq bacarıqlarının təkmilləşdirilməsi üçün yeni imkanlar yaratmaq məqsədilə DİM-in nəzdində Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi Hazırlıq Mərkəzi kimi fəaliyyət göstərmək hüququnu əldə etmək üçün aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçə bilərsiniz.
Qeydiyyat linki: https://forms.gle/nLosT1pgzaFUwNDbA