16 iyun 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin Funksional səriştələrin qiymətləndirilməsi sektorunun aparıcı məsləhətçisi Humay Eminzadə tərəfindən Energetika Nazirliyinin əməkdaşları üçün “Komanda daxili birliyin artırılması” mövzusunda təlim keçirilib.
Təlim zamanı iştirakçılar komanda ruhunun formalaşdırılması, əməkdaşlar arasında effektiv ünsiyyət, qarşılıqlı etibar və dəstək mühitinin inkişaf etdirilməsi ilə tanış olublar.
Komanda və qrup anlayışları arasındakı fərqlər, komandanın formalaşma mərhələləri, komanda işinin əsas prinsipləri, ortaq məqsəd və dəyərlərin müəyyənləşdirilməsi, rolların və məsuliyyətlərin aydınlaşdırılması kimi mövzular müzakirə edilib. İştirakçılar praktiki tapşırıqlar vasitəsilə komanda daxilində qərarvermə, prioritetləşdirmə, əməkdaşlıq və liderlik potensialının qiymətləndirilməsi üzrə fəaliyyətlərdə iştirak ediblər.
Təlimdə həmçinin psixoloji təhlükəsizlik, açıq kommunikasiya və müxtəlif bacarıqlardan səmərəli istifadə etməyin komanda məhsuldarlığına təsiri vurğulanıb. İnteraktiv formatda keçirilən məşğələlər iştirakçıların mövzuya fəal cəlb olunmasına və əldə edilən biliklərin praktik şəkildə tətbiqinə imkan yaradıb
Sonda iştirakçıların sualları cavablandırılıb, davranış strategiyaları və həll yolları müzakirə olunub.