Dövlət İmtahan Mərkəzində 13 may 2025-ci il tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Dünya Bankının əməkdaşlığı çərçivəsində həyata keçirilən “Dövlət qurumlarında texnologiyaların tətbiqi və məlumat əsaslı qərarvermə üzrə texniki dəstək" layihəsinin pilot mərhələsi olaraq “Məlumat əsaslı qərarvermə” adlı ilk təlim keçirilib.
Təlimdə DİM-in əməkdaşları ilə yanaşı, İRİA və Elm və Təhsil Nazirliyinin də əməkdaşları iştirak ediblər. Təlim saat 9:00-da başlayıb və 17:00-da yekunlaşıb.
Təlimdə Dünya Bankının eksperti xanım Veronika Kretu “Məlumat Əsaslı Qərarvermə” mövzusunda təqdimatla çıxış edib. Onunla yanaşı, Dünya Bankının dövlət İdarəçiliyi üzrə baş mütəxəssisi Konstantin Rusu və eskpert Ndeye Fatu da müzakirələrdə iştirak ediblər. Eyni zamanda, qurumun azərbaycanlı eksperti İqbal Səfərov təlimdə onlayn şəkildə iştirak edərək mövzu ətrafında öz fikirlərini bölüşüb.
Təlim müddətində iştirakçılar problemin müəyyən edilməsi və məqsədlərin qoyulması, məlumat ehtiyaclarının prioritetləşdirilməsi, mövcud məlumat mənbələrinin (daxili/xarici) müəyyənləşdirilməsi, məlumat boşluqları və məxfilik məsələlərinin müzakirəsi, məlumatların emalı və təhlili mövzularında bilik əldə ediblər. Həmçinin təlim zamanı qrup formatında praktiki tapşırıqlar yerinə yetirilib.