Dövlət İmtahan Mərkəzinin ingilis dili üzrə bacarıqların qiymətləndirilməsini təkmilləşdirmək üçün ABŞ-ın Azərbaycandakı Səfirliyi ilə birgə Səfirliyin “İngilis dili mütəxəssisi” (ELS) proqramı çərçivəsində təşkil etdiyi “Müəllimlər üçün intensiv peşəkar inkişaf və konsultasiya” layihəsinin III mərhələsinin gündəliyinə əsasən 15-16 yanvar tarixlərində Mərkəzin Şəki Regional Bölməsinə səfər edilib. Səfər Şəki şəhəri və ətraf regionların DİM ilə əməkdaşlıq edən ingilis dili müəllimləri üçün 2 günlük intensiv təlim və RB-nin əməkdaşları ilə görüşü əhatə edib. Təlimdə 20 müəllimin iştirakı ilə müxtəlif dil bacarıqlarının ölçülməsinin dillər üzrə ümumavropa tövsiyə çərçivə sənədinə (CEFR) uyğunlaşdırılmasına dair fikir bölgüsü aparılıb, oxu, dinləmə bacarıqları, qrammatika və lüğət ehtiyatının qiymətləndirilməsi üçün ölçü meyarları müzakirə edilib və təlimçi Neytn Kar tərəfindən tövsiyələr səsləndirilib.
Qeyd edək ki, layihə sabah qurumun rəhbərliyi ilə hesabat xarakterli görüşlə sona çatacaq.
Təlim və konsultasiya ingilis dili üzrə mütəxəssis Neytn Kar tərəfindən aparılır. Ph.D Neytn Kar ingilis dilinin əcnəbilər üçün tədrisi (TESOL) üzrə təcrübəli ekspertdir. O, “ingilis dili xarici dil kimi” (EFL) və təhsilin qiymətləndirilməsi sahələrində müəllimlər və təhsil işçiləri üçün peşəkar inkişaf təlimləri həyata keçirir. Ekspertin ingilis dilinin tədrisi və qiymətləndirilməsi ilə bağlı bir sıra elmi işləri çap olunub. Həmçinin Neytn Kar Qazaxıstan, Vyetnam, İndoneziya və Tayvanın ali təhsil müəssisələrində müəllimlərin peşəkar inkişafı ilə bağlı təlim və seminarlar keçirib.