Seminarlarda gündəlik məsələlər coğrafiya fənnindən ali təhsil müəssisələrinə II və III (TC altqrupu) ixtisas qrupları üçün qəbul proqramı, riyaziyyat fənnindən isə ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramının müzakirəsi olub.
Seminarlarda orta ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və Azərbyacan Milli Elmlər Akademiyasının Elm və Təhsil Nazirliyinin tabeliyində olan institutlarının müvafiq fənlər üzrə mütəxəssisləri iştirak ediblər. Eyni zamanda DİM-in regional bölmələri (Naxçıvan, Gəncə, Şirvan, Lənkəran, Şəki, Bərdə, Xaçmaz, Şəmkir, Göyçay) ilə onlayn bağlantı vasitəsilə həmin bölgələrdəki müəllimlər də müzakirələrə qoşulublar.
Seminarlarda Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva iştirakçıları salamlayaraq iş planı haqqında ətraflı məlumat verib.
Coğrafiya fənni üzrə seminarda seminar rəhbəri c.ü.f.d. Nəbiyev Həsən, riyaziyyat fənni üzrə isə seminar rəhbəri Cümşüdov Asif proqramların məzmunu, mahiyyəti ilə bağlı çıxış ediblər. Onlar qeyd ediblər ki, proqramlar sentyabr ayından DİM-in internet səhifəsində yerləşdirilib. Proqramlar müvafiq fənn kurikulumlarının təlim nəticələrinə və məzmun standartlarının tələblərinə uyğun hazırlanıb. Əsas ədəbiyyat siyahısında dərsliklər göstərilib. Çünki imtahan materialları yalnız dərsliklərə əsaslanır. Əlavə ədəbiyyat siyahısında isə imtahanlara hazırlaşmaq üçün köməkçi materiallar öz əksini tapıb. Qeyd edilən məsələlərlə bağlı müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Müzakirələr növbəti həftə davam etdiriləcəkdir.