Dövlət İmtahan Mərkəzinin Xüsusi növ imtahanların təşkili və idarəedilməsi üzrə sektorunun əməkdaşları tərəfindən qabiliyyət imtahanlarına cəlb ediləcək nəzarətçilər və rəhbərlər üçün təlimlərin keçirilməsi davam edir.
Təlimlərdə Dövlət İmtahan Mərkəzinin mərkəzləşdirilmiş qaydada təşkil etdiyi qabiliyyət imtahanları haqqında ümumi məlumat, imtahanlara cəlb olunan məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi, imtahanların texnologiyası, auditoriyanın idarə edilməsi, zal nəzarətçilərinin və rəhbərlərin vəzifələri və funksiyaları haqqında nəzəri məlumatlar verilir, fikir mübadiləsi aparılır.
23 may 2025-ci il tarixində Təsviri sənət istiqaməti üzrə təlimdə iştirak edən nəzarətçilər Dövlət İmtahan Mərkəzinin vahid sertifikatlı “Zal nəzarətçiləri bazası”ndan müxtəlif meyarlar nəzərə alınmaqla təsadüfi qaydada seçilmişdir.
Təlimdə təsviri sənət istiqaməti üzrə qabiliyyət imtahanlarının xüsusiyətləri haqqında geniş məlumat verilib, imtahanların təşkili və idarə edilməsi ilə bağlı praktiki işlər haqqında izahat aparılıb, imtahanın bütün mərhələlərini özündə əks etdirən təqdimat nümayiş etdirilib. Həmçinin xüsusi tapşırıqlar əsasında imtahanda baş verə biləcək hallarla bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.