6 fərqli səviyyədən ibarət olan ТРКИ imtahanı CEFR (Dillər üzrə Ümumavropa çərçivə sənədi) standartlarına uyğun xarici vətəndaşlar üçün müasir rus dili imtahanıdır. Bir çox beynəlxalq dil sertifikatlarından fərqli olaraq ТРКИ sertifikatı müddətsiz olaraq verilir. İmtahanda rus dili üzrə bilik səviyyəsinin ölçülməsi üçün yoxlanılan 5 komponent aşağıdakılardır:
-
İmtahanın ilk hissəsində namizədlərin qrammatika və lüğət bilikləri yoxlanılır;
-
İmtahanın 2-ci hissəsində namizədlərin oxuma bacarıqları yoxlanılır. Bu hissədə mətn və test tipli suallar verilərək namizədlərin oxuma, qavrama və şərh etmə qabiliyyətləri ölçülür;
-
Dinləmə hissəsində, namizədlərdən çətinlik səviyyəsindən asılı olaraq dialoq, monoloq, ictimai natiqlik nümunəsi, müzakirə, televiziya və ya radio verilişlərə qulaq asaraq test tipli suallara cavab vermək tələb edilir;
-
İmtahanın yazı hissəsində namizədlərdən, çətinlik səviyyəsinə görə, məktub, qısa mətn, bir neçə suala yazılı cavab vermək, verilən mətnin qısa məzmununu yazmaq, qulaq asılan mətnin məzmununu yazmaq, qısa esse yazmaq kimi tapşırıqları həll etmək tələb oluna bilər;
-
İmtahanın son hissəsi danışıq hissəsidir. Burada namizədin danışıq bacarıqlarını yoxlamaq üçün ekspert ilə müzakirə aparılır.
ТРКИ imtahanının hər bir hissəsində 66%-dən yuxarı nəticə toplayan namizədlər sertifikatla təltif edilirlər. İmtahan və onun üstünlükləri barədə ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Qeydiyyat linki ilə buradan tanış ola bilərsiniz.