2021-ci il dekabrın 26-da magistraturaya qəbul imtahanının modeli üzrə keçirilmiş sınaq imtahanında ən yüksək nəticə göstərən 25 bakalavr 2022-ci il 17 yanvar tarixində Dövlət İmtahan Mərkəzinin (DİM) Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən yeni inzibati binasında keçirilmiş “Açıq qapı” gününə dəvət olunub. 10 bakalavr regionlarda olmasına və digər səbəblərə görə görüşə onlayn qaydada qoşulub.
Tədbirdən əvvəl bakalavrlar DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə tanış olublar. İştirakçılara milli qiymətləndirmə sisteminin yaradılması və keçdiyi inkişaf yolu barəsində məlumat verilib.
Daha sonra iştirakçılarla görüş başlayıb. Tədbirdə DİM-in struktur bölmələrinin rəhbərləri də iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra tədbir iştirakçıları Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra DİM-in struktur bölmələrinin rəhbərləri sınaq imtahanında yüksək nəticə göstərmiş bakalavrları təbrik edərək onlara qəbul imtahanında, eləcə də gələcək fəaliyyətlərində uğurlar arzulayıb, qarşıdakı imtahanlar, ixtisas seçimi və digər məsələlər barəsində məlumat, məsləhət və tövsiyələr veriblər. DİM-in məsul işçiləri bakalavrları maraqlandıran sualları da cavablandırıblar.
DİM əməkdaşları tərəfindən Mərkəzin fəaliyyət istiqamətləri, magistratura səviyyəsinə qəbul imtahanları, DİM tərəfindən keçirilən beynəlxalq imtahanlar haqqında maarifləndirici materialları, həmçinin psixoloji testlər, peşələr haqqında məlumat, faydalı tövsiyələr və digər xidmətləri əhatə edən e-psixoloq.az və müxtəlif növ sınaq imtahanları platforması olan otk.az internet saytlarının imkanları haqqında məlumatları əks etdirən təqdimatlar nümayiş olunub.
Qeyd edək ki, DİM tərəfindən yüksək nəticə göstərən bakalavrlara hədiyyə olaraq “Magistr” jurnalının 2022-ci il tarixli 1-ci sayı və otk.az internet saytında yerləşdirilmiş sınaq imtahanlarından ödənişsiz faydalanmaq üçün kuponlar təqdim edilib.
Tədbir COVID-19 pandemiyası ilə əlaqədar karantin dövründə qapalı məkanlarda kütləvi tədbirlərin keçirilməsi qaydaları nəzərə alınmaqla və iştirakçıların sağlamlığını qorumaq üçün zəruri tədbirlər görülməklə keçirilib.