21 iyun 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhrəm Xəlilov Qazaxıstanın Astana şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin insan resursları sahəsində səlahiyyətli orqanlarının rəhbərlərinin III görüşündə iştirak edib.
Görüşün əsas məqsədi Türk dövlətləri arasında dövlət qulluğunda insan resurslarının idarə edilməsində rəqəmsal transformasiya ilə bağlı problemləri, ən yaxşı təcrübələri və çevik insan resursları siyasətləri üçün strategiyaları müzakirə etmək, həmçinin istedadların idarə edilməsində rəqəmsal texnologiyaların rolunu araşdırmaq, iştirakçılar arasında səmərəli əməkdaşlığı və bilik mübadiləsini təmin etməkdir.
Görüşdə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Qazaxıstan Respublikasının Dövlət Qulluğu İşləri üzrə Agentliyinin sədri Darxan Jazıkbay, Türkiyə Respublikası Prezidentinin Administrasiyasının İnsan Resursları Ofisinin rəhbəri Salim Atay, Özbəkistan Respublikasının Prezidenti yanında Dövlət Qulluğunun İnkişafı Agentliyinin direktorunun birinci müavini Amirtemurxon Musayev, Qırğız Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru Urmat Amanbayev və müvafiq qurumların nümayəndələri iştirak ediblər.
Görüş zamanı B. Xəlilov “Türk dövlətləri arasında insan resurslarının idarə edilməsi üzrə təcrübə mübadiləsi” mövzusunda təqdimatla çıxış edib. O, əvvəlcə öz nitqində DİM-in əsas funksiyalarından biri olan dövlət qulluğunda dövlət siyasətinin formalaşdırılması, mərkəzləşdirilmiş və şəffaf şəkildə qəbul prosesinin həyata keçirilməsi ilə bağlı tədbir iştirakçılarına məlumat verib. B.Xəlilov çıxışının davamında dövlət qulluğunda seçim və fəaliyyətin qiymətləndirilməsində kompetensiya modelinin tətbiqi və DİM-in bu sahədə apardığı işlər barəsində danışıb. Sədr müavini öz çıxışında həmçinin insan resurslarının idarə olunması sahəsində təcrübə mübadiləsinin aparılması, konstruktiv rəylər almaqla insan resurslarının idarə olunması sisteminin təkmilləşdirilməsi və kompetensiya modelinin dövlət qulluğunun müxtəlif sahələrində tədbiq olunmasının əhəmiyyətini vurğulayıb.
Bəhram Xəlilov eyni gündə həmçinin Qazaxıstan Respublikasının Dövlət Qulluğu İşləri üzrə Agentliyinin təşkilatçılığı ilə keçirilən “Müasir insan resurslarının inkişafı sahəsində təcrübə mübadiləsi” adlı beynəlxalq konfransda da iştirak edib.